...

Metroda gedişin maya dəyəri yenidən qiymətləndiriləcək və Tarif Şurasına təqdim olunacaq - Bakı Metropoliteninin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2010 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

Aprelin 10-dək Bakı Metropolitenində bir sərnişinin gedişinin maya dəyərinin hesablanması aparılacaq və alınan göstəricilər Azərbaycanın Tarif Şurasına təqdim olunacaq. Bu barədə cümə günü hakim Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib.

"Əvvəllər aparılan hesablamalara görə, metroda bir sərnişinin gedişinin maya dəyəri 0,49 manat təşkil edir. Lakin aprelin 10-dək yenidən hesablamalar aparılacaq və onlar Tarif Şurasına təqdim olunacaq", - Əhmədov bildirib.

Bakı Metropoliteninin rəhbərinin sözlərinə görə, metroda gediş haqqının müəyyən edilməsi hüququ Tarif Şurasına məxsusdur və onun istənilən qərarı yerinə yetiriləcək.

Azərbaycan Tarif Şurasının qərarı ilə 2009-cu il oktyabrın 1-dən Bakı Metropolitenində sərnişinlərə xidmət tarifi üç dəfə - 0,05 manatdan 0,15 manata kimi artırılıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Yeddi stansiya  - "İçərişəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası" dərin enişlidir, "Bakmil" yerüstü stansiyadır, qalanları isə sütunlu dayaz enişlidir (cəmi 22 stansiya var).

Xəbər lenti

Xəbər lenti