Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, fevralın sonunda ölkədə 4049 min ədəd plastik kart olub ki, bu da yanvarın sonuna olan analoji göstəricidən 0,8%, 2009-cu ilin fevralın sonuna olan göstəricidən isə 8,8% çoxdur. Bu barədə AMB-dən bildiriblər.
Hesabat dövrü ərzində debet kartları ilə əməliyyatların sayı 3842 min ədəd, həyata keçirilən əməliyyat həcmi isə 452 milyon manat olub.
Bankomatlar vasitəsilə debet kartları ilə 433 milyon manatlıq 3742 min əməliyyat, POS-terminal vasitəsilə isə 14 milyon manatlıq 64 min əməliyyat aparılıb.
Fevral ayında kredit kartları ilə ümumi məbləği 42 milyon manat olan 166 min əməliyyat həyata keçirilib.
Bankomatlar vasitəsilə kredit kartlarının köməyi ilə 15 milyon manatlıq 67 min əməliyyat aparılıb. POS-terminallar vasitəsilə aparılan 15 min əməliyatın ümumi məbləği isə 11 milyon manat olub.
Aprelin 7-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.