Azərbaycan, Bakı,15 aprel /Trend, müxbir N.İsmayılova/
Bu gün Azərbaycan Rusiyanın 70 regionu ilə əməkdaşlığı uğurla davam etdirir. Bunu cümə axşamı Rusiya Prezidenti yanında Regionlararası və Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin rəisi Sergey Vinokurov Bakıda keçirilən "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın regionlararası tərəfdaşlığa doğru genişlənməsi" mövzusunda "dəyirmi masa"da deyib.
" Bu gün Azərbaycan Rusiyanın 70 regionu ilə əməkdaşlıq edir. 37 region ilə ikitərəfli sazişlər imzalanıb, həmçinin, Rusiyanın daha 11 regionu ilə analoji sazişlərin imzalanması planlaşdırılır", - Vinokurov deyib.
Onun sözlərinə görə, "dəyirmi masa"nın mövzusu aktualdır, çünki iki ölkə arasında münasibətlər dinamik inkişaf edir, regionlararası əməkdaşlıq isə dövlətlər arasında strateji tərəfdaşlıq amilidir.
Azərbaycan və Rusiya iqtisadi, o cümlədən, energetika, siyasi və mədəni sahələr daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq edir.
"Məsələn, Rusiyanın LUKoyl şirkəti fəaliyyətə başladığı vaxtdan Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollardan çox investisiya qoyub", - Vinokurov deyib.
Rusiya Prezidentinin nümayəndəsi cari tədbirə illik statusun verilməsinin mümkünlüyünü müzakirə etməyə hazır olduğunu bildirib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 1,65 milyard dolları ötüb.