Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Ü.İsmayılova/
2010-cu ilin yekunları üzrə Azərbaycanda inflyasiyanın artım tempinin 6-7 faiz səviyyəsində olacağı gözlənilir. Bunu cümə günü Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev birinci rübün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"İlin birinci yarısında istehlak qiymətləri indeksinin artımı davam edəcək, çünki ötən ilin analoji dövründə ölkədə deflyasiya müşahidə olunmuşdu", - Vəliyev deyib.
Onun fikrincə, 2010-cu ilin ikinci yarısında istehlak mallarında stabillik proqnozlaşdırılır.
2010-cu ilin birinci rübündə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2009-cu ilin analoji dövrü ilə müqayisədə 3,8 faiz, martda 1,3 faiz artıb.
Ərzaq mallarının qiymətləri martda fevrala nisbətən 2,4 faiz artıb, qeyri-ərzaq malları 0,1 faiz, xidmət tarifləri 0,3 faiz ucuzlaşıb.
2009-cu ilin birinci rübü ilə müqayisədə ərzaq mallarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,6 faiz, xidmət sahəsində tariflər 8,5 faiz bahalaşıb.
Martda süd məhsulları, yumurta və pendir 0,2 faiz ucuzlaşıb, yağ və piy 1,5 faiz, çörək məmulatları 0,1 faiz, kofe, çay, kakao 0,2 faiz, tərəvəz 5,4 faiz, meyvə 16,6 faiz, qənd, cem, bal, şokolad və konfet bir faiz, spirtli içkilər 0,1 faiz, balıq məhsulları 1,2 faiz bahalaşıb.