Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir N.İsmayılova/
Yeddi il ərzində Azərbaycan ilə Rusiyanın Stavropol diyarı arasında əmtəə dövriyyəsi 10 dəfə artıb. Bu barədə çərşənbə axşamı Bakıda diyarın qubernatoru Valeri Qayevski bildirib.
"Yalnız 2009-cu ildə, böhran ilində əmtəə dövriyyəsi 30 faiz azalıb və onun minimum - 2008-ci ildəki səviyyəyə - 212 milyon dollara çatdırılması, hətta bu həddi keçməklə bağlı qarşımızda vəzifə durur", - qubernator deyib.
Onun sözlərinə görə, bundan ötrü lazımi imkanlar var, sazişin imzalanması isə bunu daha real edəcək.
Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov deyib ki, Stavropol diyarı nümayəndə heyətinin üçgünlük səfəri çərçivəsində fikir mübadiləsi məqsədilə Azərbaycanın bütün nazirlikləri ilə görüşlərin keçirilməsi gözlənilir.
"Əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər şərait var, çərşənbə günü imzalanacaq ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş isə iqtisadiyyatın bütün sahələrini, o cümlədən, sənaye, kənd təsərrüfatı, turizmi əhatə edəcək", - Həsənov deyib.
Onun sözlərinə görə, Stavropol diyarı ilə əlaqələrin möhkəmləndirilməsi Rusiya ilə əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcək.
Stavropol diyarı nümayəndə heyəti aprelin 27-29-da Bakıda olacaq.