Azərbaycan, Bakı, 5 may /Trend, müxbir N.İsmayılova/
Azərbaycanda ilk dəfə olaraq 31 nəfər mühasib Azərbaycan Auditorlar Palatasının dəstəyi ilə GRBS tədris mərkəzi tərəfindən mühasibat uçotu üzrə milli sertifikasiyadan keçib. Bu barədə çərşənbə günü Azərbaycanda GRBS şirkətinin baş direktoru Bəhram Qurbanov sertifikatların təqdimetmə mərasimində məlumat verib.
"Sertifikatlaşdırma prosesində cəmi 46 nəfər iştirak edib", - Qurbanov bildirib.
Onun sözlərinə görə, alınmış sertifikatlar nəinki milli, hətta beynəlxalq səviyyədə tanınacaq.
Şirkətin rəhbəri bildirib ki, kurslarda ARDNŞ, LUKoil Azərbaycan, Salyan Oil, Qobustan Neft, Basf Caspian, Xəzər Beynəlxalq İnvestisiya Mərkəzi, Unibank, Bakı Banklarası Valyuta Birjası və digər şirkətlərin əməkdaşları iştirak ediblər.
Bu, Azərbaycan mühasibləri və auditorları üçün beynəlxalq statusla ilk milli ixtisaslaşdırmadır. Azərbaycanın mühasibatlığı tarixində ilk dəfə olaraq göstərilən bütün xidmətlər sahəsində regional lider və novator olan GRBS tədris mərkəzi ölkənin Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində həm hökumət və qeyri-hökumət təşkilatlarında, həm də yerli və xarici iqtisadi təşkilatlarda xidmət göstərən kadrlara Azərbaycanda analoqu olmayan, Azərbaycan və Rus dillərində beynəlxalq statuslu milli sertifikasiya proqramı keçib.