...

Sabah Bakıda ənənəvi "Caspian Oil and Gas" sərgisi öz işinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2010 15:49 (UTC +04:00)
İyunun 1-dən etibarən dünya ictimaiyyətinin diqqəti Xəzər regionunun neft və qaz sahəsində ən iri hadisəsi olan XVII beynəlxalq Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgi və konfransına yönələcək
Sabah Bakıda ənənəvi "Caspian Oil and Gas" sərgisi öz işinə başlayır

İyunun 1-dən etibarən dünya ictimaiyyətinin diqqəti Xəzər regionunun neft və qaz sahəsində ən iri hadisəsi olan XVII beynəlxalq Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgi və konfransına yönələcək. Xəzəryanı regionun neft və qaz sənayesinin qlobal hadisəsi olan "Xəzər neft və qaz" sərgisi uzun illərdir ki, regionun neft sahəsinin mütəxəssislərini və əsas iştirakçılarını bir meydançaya toplayır. Ölkədə uzun illər ərzində keçirilən bu sərgi biznes-forum statusu qazanıb. Belə ki, bir çox şirkətlər öz yeni məhsul və layihələrinin təqdimatını məhz bu tədbir üçün saxlayırlar. Sözügedən sərgi və konfransın belə möhtəşəm uğuru dünya neft hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın tarixi, eləcə də ölkə rəhbərliyinin sərgiyə və bu sektora olan diqqətinin birbaşa nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin hər il sərginin rəsmi açılış mərasimində iştirak etməsi sərginin yüksək statusunu bir daha vurğulayır. Ənənəvi olaraq, sərgi və konfransa Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək verilir. Eyni zamanda, builki konfrans Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də dəstək alıb. Artıq 5 ildir, sərgi "UFİ" Beynəlxalq Sərgi Birliyi (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təsdiq olunur. "UFI tərəfindən təsdiq olunub" nişanı "Xəzər neft və qaz" sərgisinin bütün beynəlxalq standartlara cavab verdiyini əyani şəkildə sübuta yetirir.

Fəaliyyət göstərdiyi 17 il ərzində "Xəzər neft və qaz" sərgisi müəyyən inkişaf mərhələlərini keçmiş və bununla yanaşı, öz ənənələrini və geniş miqyasını qoruyub-saxlaya bilib. Lakin sərgi üçün bu il xüsusilə əlamətdar olacaq. Belə ki, bu sərgi yeni bir eraya qədəm qoyur: "Xəzər neft və qaz - 2010" sərgisinin ən əsas hadisəsi onun yeni "Bakı Ekspo Mərkəzi" Sərgi və Konfrans Kompleksində keçirilməsidir. Bu kompleks ən yüksək beynəlxalq standartlara müvafiq olaraq layihələndirilərək inşa edilmiş və beynəlxalq səviyyəli sərgi və konfransların keçirilməsi üçün nəzərdə tutulub. Yeni kompleksin istismara verilməsi tədbir iştirakçılarının çoxdan gözlədikləri bir hadisədir. Şübhəsiz, bu müasir sərgi meydançası regionda sərgi sənayesinin, ələlxüsus, "Xəzər neft və qaz" sərgisinin inkişafına əlavə təkan verəcək. "Bakı Ekspo Mərkəzi", həmçinin, ziyarətçilər üçün də bir sıra üstünlüklərə malikdir: inkişaf etmiş infrastruktur, məlumat-sorğu xidməti, kafe, avtomobil dayanacağı və s. Bir sözlə, sərgidə rahat və səmərəli şəkildə fəaliyyət göstərmək üçün kompleks daxilində əlverişli şərait yaradılıb. Bu da sözügedən tədbirin tamamilə fərqli bir səviyyədə təşkil edilməsinə imkan verəcək.

Həmişə olduğu kimi, "Xəzər neft və qaz" sərgisi yenə də dünyanın ən aparıcı şirkətlərinin diqqətini özünə cəlb edir. Sərgi və konfransın işində Azərbaycan, Gürcüstan, Norveç, BƏƏ, ABŞ, Türkiyə və Çexiyanın sənaye nazirliklərinin nümayəndələri, eləcə də iri neft- qaz şirkətləri və qurumlarının nümayəndələri iştirak edəcəklər. "Xəzər neft və qaz" sərgisinin ünvanına bir sıra dövlət rəhbərləri öz salam məktublarını yollayıblar.

Bu sərgi ildən-ilə daha da genişlənir və müxtəlifləşir. Bu il "Xəzər neft və qaz" sərgisi dünyanın 26 ölkəsindən 280 şirkəti bir araya gətirəcək ki, bu da ekspozisiya sahəsinin ötən ilə nisbətən 15% artması deməkdir. Sərgi sahəsinin 40%-dən çoxu dünyaşöhrətli şirkətlər tərəfindən tutulacaq. Bu şirkətlərin əksəriyyəti "Xəzər neft və qaz" sərgisinin daimi iştirakçılarıdır. Onların arasında bp, "Itochu", "OMV Gas International GmbH", Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Statoil ASA", "Total", TPAO və bir çox digər şirkətlər var. Həmçinin, Böyük Britaniya, Çin və Rusiyanın milli qrupları da sərgi iştirakçıları arasında olacaq. Bu il ilk dəfə olaraq, sərgidə Birləşmiş Ərəb Əmirliklərinin milli stendi iştirak edir. Bununla əlaqədar, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri cənab Məhəmməd bin Daen əl-Həmlinin başçılıq etdiyi nümayəndə heyəti sərgidə iştirak etmək üçün Bakıya gələcək. Kommersiya təşkilatları ilə yanaşı, sərgi və konfransda ARDNŞ, "Azərenerji", Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar  Təşkilatlarının Milli Konfederasiyası kimi dövlət qurumları da iştirak edəcəklər. "Xəzər neft və qaz" sərgisində ARDNŞ (Azərbaycan), "Kazmunayqaz" (Qazaxıstan), TPAO (Türkiyə), Yunanıstan Milli Qaz Korporasiyası (DEPA) və digər iri dövlət neft-qaz şirkətləri və korporasiyaları təqdim olunacaq. Amerikanın Azərbaycandakı Ticarət və Sənaye Palatası (AMCHAM), Avropa-Azərbaycan Cəmiyyəti (TEAS), Amerika - Azərbaycan Ticarət və Sənaye Palatası (USACC) kimi ictimai birliklər və digər qurumlar da sərginin işində fəal iştirak edirlər.

Ümumilikdə, sərgi ekspozisiyası iki geniş zalı, habelə kompleksə bitişik yerləşən xarici meydançanı əhatə edəcək. Azərbaycan Respublikasında 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar, müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru builki sərgi və konfransın xüsusi mövzusu olacaq.

Sərgi üçün geniş işgüzar proqram hazırlanıb. Bu proqram çərçivəsində iştirakçı şirkətlər tərəfindən dörd gün ərzində neft və qaz sektorunun geniş auditoriyası üçün aktual olan seminar və təqdimatlar keçiriləcək.   "Xəzər neft və qaz" sərgisinin işgüzar proqramının ən mərkəzi hadisəsi isə 2-3 iyun tarixlərində "Hyatt Regency" mehmanxanasının konfrans mərkəzində keçiriləcək ənənəvi XVII beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası konfransı olacaq. Bu konfransda respublikanın neft və qaz sektorunun yüksəkvəzifəli nümayəndələri və aparıcı iştirakçıları, eləcə də müxtəlif dövlətlərin yüksəksəviyyəli nümayəndə heyətləri də daxil olmaqla, 400-dən çox nümayəndə iştirak edir. Konfransın proqramına Azərbaycan, Gürcüstan, ABŞ, Türkiyə və Çexiyanın sənaye nazirliklərinin nümayəndələri, eləcə də neft və qaz sektorunda fəaliyyət göstərən bir sıra şirkət və struktur rəhbərlərinin məruzələri daxil edilib.

Konfransda xüsusi diqqət Xəzər hövzəsinin təbii ehtiyatlarına və Azərbaycanın tranzit ərazisinə malik ölkə kimi artan roluna yönəldiləcək. Konfrans "Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu" mövzusuna həsr edilmiş plenar sessiya ilə açılacaq. Burada regional və milli neft şirkətlərinin yüksəkvəzifəli nümayəndələri tərəfindən strateji məsələlərin xülasəsini əks etdirən əyani təqdimatlar keçiriləcək. Daha sonra, əsas diqqət "Avropanın enerji təhlükəsizliyi təminatında Xəzər regionunun rolu" mövzusuna yönəldiləcək. Konfransın ikinci günü Xəzər hövzəsində enerji resurslarının kəşfiyyat və hasilatı perspektivlərinə, eləcə də bu gün çox aktual olan "Xəzər regionunun qaz infrastrukturu. Kəmərlərin geosiyasiliyi" mövzusuna həsr ediləcək.

Azərbaycanda keçirilən Ekologiya ili, eləcə də neft hasilatı ilə məşğul olan şirkətlərin bu sahəyə olan diqqəti konfransda alternativ enerji məsələləri və ekologiya problemlərinə həsr olunmuş "Ətraf mühitə təsiri azaldan texnologiyalar və xidmətlər: sürətli inkişafa malik neft-qaz sənayesinin gələcəyi" adlı ayrıca bir toplantının mövzusunu müəyyən edir. Bu toplantıda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov sədr və əsas məruzəçi qismində iştirak edəcək.

Bununla da sözügedən konfrans, sektora aid aktual problemlərin ətraflı şəkildə müzakirə ediləcəyi və neft-qaz sənayesinin əsas inkişaf tendensiyalarının izləniləcəyi bir tribuna olacaq.

Sərgi və konfrans ilə bağlı bir sıra dərgilərin nəşri də nəzərdə tutulub. Bu dərgilər arasında sərgi iştirakçıları haqqında ətraflı məlumatları əks etdirən rəsmi sərgi kataloqu, habelə məruzəçilərin bioqrafiyalarını və iştirakçıların fəaliyyətini əks etdirən konfrans materialları olacaq. Bundan əlavə, sərgi və konfransda baş verənləri əks etdirən "Xəzər neft və qaz" rəsmi qəzetinin gündəlik dərc olunması nəzərdə tutulub.

Builki tədbirə sponsorluq edən təşkilat və şirkətlərin tərkibi də genişdir. Belə ki, sərgi və konfransın "platin" (baş) sponsoru qismində Azərbaycan Beynəlxalq Bankı (ABB), qızıl sponsoru qismində isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edir. Digər sponsorlar arasında "Alten Group", "BP Azerbaijan", "Caspian Geophysical JV LLC", "ConocoPhillips", "Cross Caspian Oil and Gas Logistics LLC", "E.ON Ruhrgas AG", "Edison", "EGL Group", "GDF Suez", "Nobel Oil LTD", "OMV Gas & Power GmbH", "Public Gas Corporation (DEPA) S.A", "RWE Dea AG", "Salans", "Statoil ASA", "Total E&P Azerbaijan" və "Trans Adriatic Pipeline AG" kimi şirkətlərin də adları var.

"Paşa-Sığorta", "Azerfon-Vodafone", "Caspel", "Qafqaz Point Hotel" və "SIAR" şirkətləri 2010-cu ildə keçirilən sərgilərin tərəfdaşları qismində çıxış edirlər. 2010-cu ildə keçirilən sərgilərin texniki tərəfdaşı olan "Caspel" şirkəti isə ziyarətçilərin ixtiyarına informasiya köşklərini təqdim edəcək. Bu köşklərdən istifadə etməklə, ziyarətçilər sərgi haqqında və onun keçirildiyi yerə dair faydalı məlumatlar əldə edə biləcəklər.

Beləliklə, sərgi və konfrans bu il də mütəxəssis, alim və mühəndislərdən ibarət geniş auditoriyaya neft və qaz hasilatı, neft məhsullarının nəqli və emalı sahəsində fəaliyyət göstərən dünyasəviyyəli şirkətlərin əldə etdikləri ən son nailiyyətlər, dünyanın hər bir yerindən olan istehsalçıların təqdim etdikləri ən yeni neft-qaz sənayesi avadanlıqları və texnologiyaları ilə yaxından tanış olmaq, habelə faydalı diskussiya və fikir mübadiləsi aparmaq kimi imkanlar təqdim edəcək. Xəzərin enerji resurslarına olan maraq, karbohidrogenlərin hasilatı və nəqli üzrə yeni, genişmiqyaslı layihələr, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artması sözügedən sektorun davamlı inkişafını təmin edir və bu baxımdan, sərgi və konfransın əhəmiyyəti danılmazdır. Uzun illərin tərəfdaşları və investorların illik görüş yeri olan "Xəzər neft və qaz" sərgisi sənayenin bugünkü reallığını əks etdirir və Azərbaycanın neft-qaz sənayesinin inkişafında sabitlik və şəffaflıq nümunəsi kimi qalmaqda davam edir. Sərgi öz işini 4 iyun tarixinə qədər davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti