...

IFC Azərbaycanın neft-kimya sektorunda korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsinə yardım edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı qrupunun üzvü Azərbaycanın "Metanol" Şirkəti ilə korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edərək, Azərbaycan iqtisadiyyatının əsas bölməsi olan neft-kimya sektorunda qabaqcıl idarəetmə təcrübələrinin yaradılmasına kömək məqsədilə məsləhətlər verir.

"AzMeCo" metanol istehsalçısı kimi 2007-ci ildə yaradılıb. IFC şirkətin korporativ idarəetmə standartlarını qiymətləndirəcək və onları beynəlxalq qabaqcıl təcrübələrə uyğunlaşdırmaq üçün inkişaf planı hazırlayacaq. Layihəyə İsveçrə hökumətinin iqtisadi məsələlər üzrə Dövlət Katibliyi maliyyə dəstəyi göstərir.

"Bizim IFC ilə əməkdaşlığımız "AzMeCo"ya müvafiq korporativ idarəetmə sisteminin tətbiqinə dair öz iddialı planlarını həyata keçirməyə kömək edəcək mühüm bir addımdır", - "AzMeCo"nun baş icraçı-direktoru cənab Nəsib Piriyev qeyd edib. "Bu əməkdaşlıq yeni təşəbbüsləri təşviq edəcək və "AzMeCo"nun davamlı inkişafa sadiqliyini və işçilərinin ixtisaslarının artırılmasına meyilliliyini gücləndirəcək".

IFC şirkətin direktorları, menecerləri və əsas səhmdarlarına məsləhətlər verəcək və onlar üçün təlimlər keçirəcək. IFC, həmçinin, şirkətin sənədlərini nəzərdən keçirməyə, maliyyə hesabatlığı, məlumatın açıqlanması, daxili nəzarət və daxili audit təcrübələrini təkmilləşdirməyə kömək edəcək.

"IFC "AzMeCo" ilə əməkdaşlıq etməkdən məmnundur və bu layihənin Azərbaycanın neft-kimya sənayesinin inkişafında mühüm addım olduğunu hesab edir", - Azərbaycan korporativ idarəetmə layihəsinin rəhbəri xanım Karolina Brayt qeyd edib. - "Bu cür mühüm şirkətin uzunmüddətli inkişafını, onun daxili nəzarət proseslərinin effektivliyini və maliyyə vəsaitlərinə çıxış imkanlarını təmin etmək üçün qabaqcıl korporativ idarəetmə təcrübələrinə malik olması vacibdir".

IFC Azərbaycan korporativ idarəetmə layihəsi vasitəsilə 2005-ci ildən etibarən, yerli şirkət və banklara fəaliyyətlərini təkmilləşdirməyə və maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmağa kömək edir.

Xəbər lenti

Xəbər lenti