Azərbaycan, Bakı, 17 avqust /Trend/
Basketbol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belarus yığması ilə qarşılaşıb. Görüş "Sərhədçi" Olimpiya İdman Kompleksində keçirilib.
Oyun kifayət qədər gərgin vəziyyətdə keçib. Müəyyən çətinliklərə baxmayaraq, milli yığmamız rəqibin müqavimətini qıraraq, Belarus yığmasını 83:79 hesabı ilə məğlub edib.
Azərbaycan yığmasında Çarlz Devis (30 xal), Fuad Niftəliyev (24 xal) və Zaur Paşayev (10 xal) fərqləniblər.
Qələbədən sonra komanda üzvlərini Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov qəbul edib. O, qalibləri təbrik edib və gələcək oyunlarda müvəffəqiyyətlər arzulayıb.
Avropa çempionatında uğurla çıxış edən milli yığmamız "Azercell Telekom" MMC-nin dəstəyi ilə avqustun 16-da Rumıniyaya yola düşüb. Oyun avqustun 17-də, Bakı vaxtı ilə saat 21:00-da Timoşoar şəhərində keçiriləcək.