...

Azərbaycan MDB iqtisadiyyat nazirlərinin azad iqtisadi zona layihəsinin müzakirəsi ilə bağlı görüşlərinə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2010 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov MDB ölkələrinin azad iqtisadi zona layihəsinin müzakirəsində iştirak etmək üçün Moskvaya yola düşüb. Bu barədə cümə axşamı ölkə hökumətindən bildiriblər.

İlk dəfə olaraq Rusiyanın təşəbbüsü ilə baş tutan MDB-yə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü sentyabrın 16-17-də keçiriləcək. Məqsəd Birlik çərçivəsində malların azad hərəkət etməsi üçün şəraitin yaradılmasından, eləcə də ticarətdə bütün maneələrin aradan qaldırılmasından ibarətdir.

Azad iqtisadi zona haqqında razılaşma layihəsinin hazırlanması üzrə işçi qrupunun iclası iyulun 15-16-da Moskvada olub və hazırda layihənin təxminən 90 faizi hazırdır.

Hazırda Azərbaycanın Belarus, Qazaxıstan, Gürcüstan, Moldova, Özbəkistan, Qırğızıstan, Rusiya, Türkmənistan və Ukrayna ilə imzaladığı ikitərəfli razılaşma qüvvədədir, lakin müzakirə edilən razılaşma layihəsi çərçivəsində bu ikitərəfli razılaşmaların ləğvi nəzərdə tutulub.

"Azərbaycanın belə mövqeyi [müşahidəçi qismində çıxış edir] Rusiyanın öz aralarında ticarət zamanı ixrac rüsumlarının səviyyəsinin qeyd edilməsi ilə bütün idxal rüsumlarının ləğv edilməsi təklifinə razı olmaması ilə izah edilir. Rusiyanın yanacaq-enerji kompleksində gücünü nəzərə alaraq, o, hələlik ixrac rüsumlarını ləğv etməkdən imtina edir", - bundan əvvəl ölkə hökumətindəki mənbə deyib.

Hazırda azad iqtisadi zona haqqında qüvvədə olan ikitərəfli razılaşmaya əsasən, Azərbaycanın ixrac strukturunda demək olar heç bir istisna yoxdur və yalnız iki mal üzrə (tütün və denaturlaşdırılmış spirt) Rusiya və Qazaxıstanla istisnalar mövcuddur. Bununla əlaqədar olaraq, Azərbaycan hökuməti azad iqtisadi zona haqqında razılaşmanın hazırlanması üzrə vəziyyəti hələlik kənardan qiymətləndirməyə üstünlük verir.

Razılaşmaya Gömrük İttifaqı ölkələri (Rusiya, Qazaxıstan və Belarus) ilə yanaşı, Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan və Ukrayna da qoşulacaq. Bu sənəd MDB ölkələri arasında ticari münasibətləri nizamlayan yüzlərlə sənədi əvəz edəcək. Razılaşma layihəsinə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qüvvədə olan bəzi normaları daxildir və gömrük rüsumlarının və qarşılıqlı ticarət üzrə say məhdudiyyətinin ləğvinə aid kompleks məsələləri əhatə edir.

Sənəd ölkənin malların mənşəyinin müəyyən edilməsi qaydalarını, üçüncü ölkələrlə ticarətdə məhdudiyyətlərin tətbiqini, tranzit, təkrar ixrac, xüsusi müdafiə tədbirlərini, qarşılıqlı ticarətin antidempinq və kompensasion nizamlayıcılarını, rəqabət və subsidiyaların verilmə məsələlərini, ticarətdəki texniki maneələri, sanitar və fitosanitar tədbirləri, gömrük nəzarətini reqlamentləşdirir.

MDB ölkələrinin iqtisadiyyat nazirlərinin Moskva görüşündə yekun sənədin hazırlanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti