...

Azərbaycandakı lizinq şirkətləri kredit reyestrindən istifadəyə ehtiyac duyurlar – bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir А.Axundov/

Azərbaycanın lizinq şirkətləri Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) istifadəyə ehtiyac hiss edirlər. Bu barədə çərşənbə axşamı "Texnika Leasing" şirkətinin maliyyə direktoru Bilal Ruhullazadə bildirib.

"Hazırda lizinq şirkətləri müştəri, onun kredit tarixi barədə tam məlumat əldə etmək üçün kredit reyestrindən istifadəyə ehtiyac hiss edirlər", - Ruhullazadə deyib.

Onun sözlərinə görə, lizinq bazarının inkişafına mane olan əsas amil vergi qoyulması ilə bağlı problemdir.

"Lizinq şirkətləri 18 faiz əlavə dəyər vergisi (ƏDV) ödəməli olurlar ki, bu da avadanlıqların və onların çatdırılması qiymətlərini artırır. Lizinq şirkətləri bazarın inkişafı üçün ƏDV-dən azad olunmalıdırlar, ya da onu şirkət üçün daha sərfəli olan mexanizmlə əvəz etmək lazımdır", - Ruhullazadə bildirib.

Onun sözlərinə görə, 2009-cu il lizinq bazarı üçün çox ağır il olub, lakin vəziyyət tədricən dəyişir.

"2010-cu ildə ölkədə lizinq bazarının artımı başlayıb və 2011-ci ilədək davam edəcək. Bunu lizinq xidmətlərinə marağın artmasında da müşahidə etmək olar", - Ruhullazadə qeyd edib.

2009-cu ilin yekunlarına görə, "Aqrolizinq" dövlət şirkəti istisna olmaqla, lizinq şirkətlərinin ümumi portfeli 210 milyon manata yaxın təşkil edib, 2008-ci ildə isə bu rəqəm 208 milyon manat səviyyəsində olub.

Oktyabrın əvvəllərində Azərbaycan Ədliyyə Nazirliyində hüquqi ekspertizadan keçdikdən sonra Mərkəzləşdirilmiş Kredit Reyestrinin qaydalarında dəyişikliklərin edilməsi layihəsi təsdiq olunmaq üçün Mərkəzi Bankın İdarə Heyətinə təqdim edilib.

Qaydalara edilən dəyişikliklər bank olmayan kredit təşkilatlarının (BOKT) MKR-ə qoşulmasının və kredit alanların zaminlik öhdəliklərinin qeyd olunduğu hesabatın yeni növünün tətbiqini nəzərdə tutulur.

Bank olmayan kredit təşkilatlarının kredit reyestrinə daxil olması "Qeyri-bank kredit təşkilatları haqqında" qanun qüvvəyə mindikdən sonra mümkün olub. Bundan sonra MKR hesabatların aparılması üzrə yeni növün tətbiq edilməsi üçün işləri fəallaşdırıb. Bunun üçün bank olmayan kredit təşkilatları texniki cəhətdən hazır olmalıdır.

Bu günədək MKR banklarla yanaşı, QBKT-nin də informasiya bazasını yaradıb. QBKT-nin kredit reyestrinə daxil olmasını təmin edən "Qeyri-bank kredit təşkilatları haqqında" qanun ölkə Parlamenti tərəfindən 2009-cu ilin sonunda qəbul edilib.

Digər təşkilatların (poçt, kommunal təşkilatlarının, mobil rabitə operatorlarının) MKR-ə qoşulması kredit bürolarının yaradılmasından sonrakı 1-2 il ərzində mükün olacaq. Ölkədə ilk kredit bürosunun MKR bazasında yaradılması planlaşdırılır. Hazırda Beynəlxalq Maliyyə Korporasiyası və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) texniki dəstəyi ilə maliyyə infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihənin həyata keçirilməsinə başlanılıb. Həmin layihə çərçivəsində ölkədə kredit bürolarının birinci hisəsinin yaradılmasına dəstək göstəriləcək.

Reyestrdə həm aktiv, həm ödənilmiş borclar, kredit üzrə girov haqqında informasiyalar var. Reyestrdəki informasiya ayda bir dəfə ayın ilk günü ərzində yenilənir. Yeni verilən kreditlər Reyestr Xidmətinə növbəti iki iş günü ərzində göndərilir.

Hazırda reyestrin xidmətlərindən yalnız Azərbaycan bankları və onların ölkədə fəaliyyət göstərən filialları istifadə edə bilərlər.

MKR 2005-ci ilin martından fəaliyyətə başlayıb. Fiziki şəxs üçün bir sorğuya görə tarif 1,1 manat, hüquqi şəxs üçün 2 manat təşkil edir. Kredit reyestri kommersiya məqsədləri güdmür, tariflər isə inzibati xərcləri ödəmək üçün tətbiq edilib.

MKR-in yaradılması üzrə konsultant qismində "Norway Registers Develoрment", icraçı qismində isə "R.I.S.K. Company" çıxış edib. Kredit reyestrinin yaradılmasının maliyyələşdirilməsi Dünya Bankının "Maliyyə sektoruna texniki kömək" (FSTA) krediti hesabına aparılıb.

Noyabrın 2-nə rəsmi məzənnə 0,8005 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti