...

BMT qeyri-neft sektorunun inkişafı sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir А.Axundov/

BMT Azərbaycan ilə ölkə üçün əhəmiyyətli sahələr, xüsusilə də qeyri-neft sektoru və effektiv idarəetmə sahəsinin inkişafı istiqmətində əməkdaşlığı davam etdirəcək. Bu barədə cümə axşamı BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçura Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının buraxılış təqdimatında deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində BMT ölkənin insan potensialının inkişafı üzrə Azərbaycan qarşısında duran əsas məsələlərin müzakirə olunacağı hesabatı hazırlamağa davam edəcək.

"Azərbaycan müstəqilliyinin ilk illərində çox ağır problemlərlə qarşılaşıb, ölkə hərbi təcavüzə məruz qalıb və onun əraziləri işğal olunub. Bütün sosial-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan yoxsulluğun səviyyəsini kəskin surətdə azaltmağa və sürətli iqtisadi artıma nail olub", - Akçura deyib.

Onun sözlərinə görə, karbohidrogen ehtiyatların satışından gələn gəlirlər sosial-iqtisadi sahələrdə məqsədyönlü proqramların həyata keçirilməsinə sərf olunub ki, bu da insan potensialının inkişafı sahəsində əhəmiyyətli irəliləyişə təkan verir.

"BMT İnkişaf Proqramının hesabatına görə, Azərbaycan son beş ildə dünyanın 169 ölkəsi arasında insan potensialının inkişafında ən əhəmiyyətli uğurlar qazanıb. Azərbaycan 2005-ci ildə insan potensialının inkişafı göstəricisinə görə 101-ci, 2010-cu ilin yekunlarına görə isə 67-ci yeri tutub ki, bu da yaxşı göstərici hesab olunur", - Akçura deyib.

Onun sözlərinə görə, Azərbaycan "Orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, Braziliya, Türkiyə və Malayziya kimi "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub.

BMT İP-nin "Millətlərin həqiqi resursları: insan inkişafına aparan yol" adlı 20-ci yubiley hesabatı cümə axşamı Bakıda Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda təqdim olunub.

BMT İP-nin illik İnsan İnkişafı Hesabatı mərhum pakistanlı iqtisadçı Məhbubül-Haqqın rəhbərliyi ilə müstəqil ekspert komandası tərəfindən 1990-cı ildə hazırlanıb və insan potensialının inkişafı üzrə illik hesabatda istifadə olunur. Göstərici həyat davamiyyəti, təhsilalma və faktiki gəlir nöqteyi nəzərindən ölkənin nailiyyətlərini üç əsas istiqamət üzrə təyin edir:

1. Doğulandan həyat davamiyyətinin gözlənilən göstəricisi ilə ölçülən sağlamlıq və uzunömürlülük;

2. Yaşlı nəslin savadlılıq səviyyəsi və ümumi təhsilalma əmsalı ilə ölçülən təhsilə keçid;

3. Alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına düşən ümumdaxili məhsulun həcminin ABŞ dolları ilə ölçülən həyat səviyyəsi.

Xəbər lenti

Xəbər lenti