Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Nazirlər Kabineti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiq edib. Bu barədə çərşənbə günü Nazirlər Kabinetinin məlumatında deyilir.
Tariflər iqtisadi fəaliyyət növləri və işçilərin kateqoriyalarında risklərin dərəcəsindən asılı olaraq müəyyən edilib.
Nazirlər Kabinetinin bir qədər əvvəl qəbul etdiyi qərara görə, sığortalanacaq işçilər fəhlə (istehsalat, xidmət, təmir, yüklərin daşınması, saxlanması, təhlükəsizliyin təmin edilməsi və s.) və qulluqçu (rəhbərlər, mütəxəssislər, texniki işçilər) kateqoriyasına ayrılıb.
İqtisadi fəaliyyətin müxtəlif növləri üzrə fəaliyyət göstərən və birinci risk dərəcəsinə (yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi; proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət; informasiya xidmətləri fəaliyyəti; maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa); sığorta, təkrarsığorta və pensiya təminatı; hüquq və mühasibat uçotu sahəsində fəaliyyət; mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət; ictimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr; reklam fəaliyyəti və bazarın öyrənilməsi; məşğulluq sahəsində fəaliyyətə) aid edilən qulluqçu kateqoriyası üçün əmək haqqı fondunun 0,2 faizi, fəhlə kateqoriyası üçün isə 0,4 faizi həcmində müəyyən edilib.
İkinci risk dərəcəsinə aid edilən fəaliyyət növləri üzrə (avtomobillərin satışı; onlar üçün hissələrin, qovşaqların və ləvazimatların satışı; avtomobil və motosikletlərin satışından başqa, topdan və pərakəndə satış; poçt və kuryer fəaliyyəti; içki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstərilməsi; kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri; proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət; məlumat texnologiyaları və hesablama texnikası sahəsində sair fəaliyyət; maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət; daşınmaz əmlakla əlaqədar əməliyyatlar; memarlıq, mühəndis axtarışları və bu sahələrdə texniki məsləhətlərin verilməsi; təbii və texniki elmlər sahəsində tədqiqatlar və işləmələr; digər peşəkar, elmi və texniki fəaliyyət; kirayə və lizinq fəaliyyəti; təmizlik işləri üzrə fəaliyyət; biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət; təhsil; səhiyyə sahəsində fəaliyyət; sosial xidmətlərin göstərilməsi; incəsənət sahəsində sair fəaliyyətin göstərilməsi və mədəni-kütləvi əyləncəli tədbirlərin həyata keçirilməsi; kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti; qumar oyunlarının təşkili və mərc çəkmək üzrə fəaliyyət; istirahət və əyləncələrin təşkili üzrə fəaliyyət) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,2 faizi, fəhlə kateqoriyası üçün isə 0,5 faizi həcmində müəyyən edilib.
Üçüncü risk dərəcəsinə (birillik və çoxillik bitkilərin becərilməsi; bitkilərin çoxaldılması (əkilməsi); heyvandarlıqla əlaqəli bitkiçilik; geyim istehsalı; poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması; oyun və oyuncaqların istehsalı; nəşriyyat fəaliyyəti; baytarlıq fəaliyyəti) aid olan qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,2 faizi, fəhlə kateqoriyası üçün isə 0,6 faizi həcmində müəyyən edilib.
Dördüncü risk dərəcəsinə aid olan iqtisadi fəaliyyət növündə çalışan (heyvandarlıq; kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi; balıqyetişdirmə; süd məhsullarının, sabun və yuyucu tozların, təmizləyici və cilalayıcı vasitələrin, ətriyyat və kosmetika vasitələrinin, əczaçılıq məhsullarının istehsalı; motosikletlərin, onların hissələrinin, qovşaqlarının və ləvazimatlarının satışı; motosikletlərə texniki xidmət və təmiri; yardımçı-texniki xidmətlərin fəaliyyəti; muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyəti) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,2 faizi, fəhlə kateqoriyası üçün isə 0,9 faizi həcmində müəyyən edilib.
Beşinci risk dərəcəsinə aid olan iqtisadi fəaliyyətdə çalışan (ovçuluq və vəhşi heyvanların yetişdirilməsi və bu sahələrdə xidmətin göstərilməsi4 ət məhsullarının istehsalı (emalı); dəyirman-ding sənayesi məhsullarının nişasta və nişasta məhsullarının istehsalı; un və un məmulatlarının istehsalı; heyvanlar üçün hazır yemlərin və içki istehsalı; toxuculuq sənayesi; istintaqın aparılması və təhlükəsizliyin təminatı; dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı; mərkəzi istilik qazanlarından başqa buxar qazanlarının istehsalı; idman sahəsində fəaliyyət) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,2 faizi, fəhlə kateqoriyası üçün isə 0,9 faizi həcmində müəyyən edilib.Altıncı risk dərəcəsinə aid olan fəaliyyət növləri üzrə (kompüter, elektron və optik məhsulların, zərgərlik məmulatların və süni daş-qaşların, musiqi və idman alətlərinin istehsalı; kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,3 faizi, fəhlə kateqoriyası üçün isə bir faizi həcmində müəyyən edilib.
Yeddinci risk dərəcəsinə aid olan iqtisadi fəaliyyət növləri üzrə (meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi; bitki və heyvan yağları və piylərinin istehsalı; tütün, kağız və karton məmulatlarının, şüşə və şüşədən məmulatların, odadavamlı məmulatların, gildən sair tikinti məmulatlarının istehsalı; sair çini və saxsı məmulatların istehsalı; tullantıların yığılması, emalı və məhv edilməsi, istehsalat tullantılarından təkrar istifadə edilməsi; texniki sınaq və nəzarət) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,3 faizi, fəhlə kateqoriyası üçün isə 1,2 faizi həcmində müəyyən edilib.
Səkkizinci risk dərəcəsinə aid olan fəaliyyət növləri üzrə (rezin və plastmas məmulatların istehsalı; gəmiqayırma; şəhərlərarası dəmiryol xətti ilə sərnişin daşınması; dəmiryol vasitəsilə yükdaşıma; su və hava nəqliyyatının fəaliyyəti; rabitə) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,3 faizi, fəhlə kateqoriyası üçün isə 1,4 faizi həcmində müəyyən edilib.
Doqquzuncu risk dərəcəsinə aid iqtisadi fəaliyyət növləri üzrə (mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı, hopdurma və hörmə materialların, silah və hərbi sursat istehsalı; tibbi və stomatologiya təcrübəsində tətbiq olunan alətlərin istehsalı; yük avtomobil nəqliyyatlarının fəaliyyəti) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,4 faizi, fəhlə kateqoriyası üçün isə 1,5 faizi həcmində müəyyən edilib.
Onuncu risk dərəcəsinə aid fəaliyyət növləri üzrə (boya və lakların, sair kimyəvi məhsulların, süni və sintetik kimyəvi liflərin istehsalı; elektrik naqillərinin və elektrik şəbəkələri üçün cihazların, elektrik lampaları və işiqlandırıcı avadanlıqların, məişət cihazlarının istehsalı) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,4 faizi, fəhlə kateqoriyası üçün isə 1,6 faizi həcmində müəyyən edilib.
On birinci risk dərəcəsinə aid iqtisadi fəaliyyət növləri üzrə (balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi; abraziv məmulatların və sair qeyri-metal mineral məhsulların və sair hazır metal məmulatlarının; ümumi təyinatlı sair maşınların istehsalı) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,4 faizi, fəhlə kateqoriyası üçün isə 1,7 faizi həcmində müəyyən edilib.
On ikinci risk dərəcəsinə aid iqtisadi fəaliyyət növləri üzrə (balıqçılıq; çuqun, polad və ferroərinti, poladdan boru, içi boş profillər və birləşdirici hissələrin, elektrik mühərriklərinin, generatorlarının, transformatorların və elektrik paylayıcı və tənzimləyici cihazların, sair elektrik avadanlıqlarının istehsalı; ümumi təyinatlı avadanlıqların istehsalı; kənd və meşə təsərrüfatı üçün maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, dəmiryol nəqliyyatı vasitələrinin, hərbi avtomobillərin, digər qruplara daxil edilməyən nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı; avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,5 faizi, fəhlə kateqoriyası üçün 1,8 faizi həcmində müəyyən edilib.
On üçüncü risk dərəcəsinə aid iqtisadi fəaliyyət növləri üzrə (meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi; koks və təmizlənmiş neft məhsullarının, əsas kimyəvi maddələrin, gübrə və azot birləşmələrinin, ilkin formalarda plastik kütlə və sintetik kauçukun, sement, əhəng və gips, əlvan metalların istehsalı; metal tökmə; xüsusi təyinatlı sair maşın və avadanlıqların istehsalı; sənaye maşın və avadanlıqlarının quraşdırılması; suyun yığılması, təmizlənməsi və paylanması; çirkli suların yığılması və emalı; binaların sökülməsi və tikinti sahəsinin hazırlanması; elektrik və su kəməri sistemlərinin və sair mühəndis avadanlıqlarının quraşdırılması; ixtisaslaşdırılmış tikinti işləri) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,5 faizi, fəhlə kateqoriyası üçün isə 1,9 faizi həcmində müəyyən edilib.
On dördüncü risk dərəcəsinə aid fəaliyyət növləri üzrə (daş kömür və liqnit, xam neft və təbii qaz, metal filizlərinin hasilatı; mədənçıxarma sənayesinin digər sahələri; mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi; aqrokimyəvi məhsulların, beton, gips və sementdən məmulatların istehsalı; dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması; çuqun və poladın sair ilkin emalı; metaldan tikinti konstruksiyaları və məmulatlarının, metal sisternlərin, radiatorların və çənlərin, batareyaların və akkumulyatorların istehsalı; kosmik aparatlar da daxil olmaqla, uçan aparatların istehsalı; binaların tikintisi; mülkü təyinatlı inşaat işləri) qulluqçu kateqoriyası üçün əməkhaqqı fondunun 0,5 faizi, fəhlə kateqoriyası üçün isə iki faizi həcmində müəyyən edilib.
Nazirlər Kabinetinin qərarı imzalandığı gündən, yəni 2010-cu il noyabrın 5-dən qüvvəyə minib.
2010-cu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma haqqında" qanunu təsdiq edib.