...

İlin əvvəlindən Azərbaycan iqtisadiyyatına 7 milyard manatdan çox investisiya yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2010 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 7057,8 milyon manat sərmayə qoyulub ki, bu da ötən ilin analoji dövr göstəricisini 14,8 faiz ötür. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Təmir-tikinti işlərinə qoyulan investisiyaların həcmi 4591,7 milyon manat təşkil edib ki, bu da tikinti sahəsinə qoyulan investisiyaların ümumi həcminin 65,1 faizini təşkil edib. İstehsalat yönümlü tikinti obyektlərinə 3589,1 milyon manat, qeyri-istehsal sahəsindəki obyektlərə isə 3468,7 milyon manat yönəldilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə 41,5 faiz artan xarici investisiyalar 1697,8 milyon manat təşkil edib. Onların xüsusi çəkisinin ümumi həcmi 24,1 faiz olub. Müvafiq olaraq, investisiyaların ümumi həcmindən 75,9 faiz daxili investisiyaların payına düşür. Daxili investisiyaların böyük hissəsi (71,5 faiz) dövlət müəssisələrinə və təşkilatlara, yalnız 28,5 faizi özəl müəssisələrə qoyulub.

Əsas kapitala qoyulan vəsaitlərin 67,7 faizi (4777,1 milyon manat) ölkədə qeyri-neft sektorunun inkişafına, 12 faizi (848,3 milyon manat) qeyri-neft sənayesinə, 32,3 faiz (2280,7 milyon manat) neft sektorunun inkişafına yönəldilib.

İnvestisiyaların 44,3 faizi sənaye sahəsi, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,8 faizi ticarətin, 22,9 faizi nəqliyyatın, 1,3 faizi rabitənin, 1,5 faizi səhiyyənin, 1,5 faizi təhsilin, 9,9 faizi daşınmaz əmlak üzrə əməliyyatların (onların 9,7 faizi mənzil təsərrüfatının payına düşür), 1,7 faizi tikintinin, 2,8 faizi istirahət, əyləncə və incəsənətin, 2,7 faizi dövlət idarəçiliyinin, 0,1 faizi maliyyə və sığorta fəaliyyətinin, 2,3 faizi mənizilin təşkilinin, 0,6 faizi inzibati və yardımçı xidmətlərin, 0,6 faiz digər sahələrin payına düşür.

Maliyyələşdirilməsi büdcə vəsaitləri hesabına həyata keçirilən obyektlərin tikintisinə 2010-cu ildə nəzərdə tutulan 3549 milyon manatdan 2093,5 milyon manat sərmayə qoyulub.

Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala 3762,7 milyon manat (investisiyaların ümumi həcmindən 53,3 faiz), bank kreditlərindən 348,1 milyon manat (4,9 faiz), büdcə vəsaitlərindən 2243,9 milyon manat (31,8 faiz), büdcədənkənar fondların vəsaitlərindən 402,6 milyon manat (5,7 faiz), əhalinin şəxsi vəsaitlərindən 287,1 milyon manat (4,1 faiz), digər vəsaitlərdən 13,4 milyon manat (0,2 faiz) sərmayə qoyulub.

Noyabrın 15-nə olan rəsmi məzənnə 0,7999 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti