...

İspaniya Azərbaycan bazarına çıxmağa hazırlaşır və Azərbaycan investisiyaları üçün açıqdır – səfir Altay Əfəndiyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2010 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və İspaniya arasında ikitərəfli ticari-iqtisadi əməkdaşlığın səviyyəsi hələ ki çox aşağı səviyyədə qalır və iki ölkənin potensial imkanlarına cavab vermir. Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev belə hesab edir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-sentyabr aylarında İspaniya ilə mal dövriyyəsi cəmi 192 milyon dollar təşkil edib. Bunun çox hissəsi - 178,5 milyon Azərbaycandan olan ixracın payına düşüb.

"Güman edirəm ki, belə vəziyyət dünyanın ən çox inkişaf etmiş ölkələri siyahısında 12-ci yerdə olan və qlobal maliyyə-iqtisadi böhranadək onluğa daxil olan İspaniyanın, eləcə də dünyada iqtisadiyyatı daha dinamik inkişaf edən Azərbaycanın maraqlarına cavab vermir. İspaniya iqtisadiyyatımızın inkişafında daha dinamiklik nümayiş etdirən sahələrdə ən yüksək rəqabət qabiliyyətinə malikdir və buna uyğun olaraq Azərbaycan üçün maraq doğurduğunu nəzərə alsaq, əməkdaşlığımızın potensialını təsəvvür etmək bir o qədər də çətin deyil", - o qeyd edib.

Azərbaycan diplomatı bu vəziyyəti tərəflərin kifayət qədər məlumatlı olmaması, hüquqi bazanın yoxluğu, İspaniya şirkətlərinin hərəkətlərində müəyyən stereotip, inersiya və s. ilə izah edir. "Lakin bu vəziyyətə bəraət qazandırmaq olmaz və burada məsuliyyət ikitərəfli münasibətlərə impuls verməli və inkişaf dinamikasını müəyyənləşdirməli olan dövlət qurumlarının üzərinə düşür", - diplomat qeyd edib.

"Xüsusilə də qeyd etmək istəyirəm ki, yüksək səviyyədə rəsmi səfərlər münasibətlərimizin inkişafına ciddi impuls verməlidir", - Əfəndiyev vurğulayıb.

Səfirin sözlərinə görə, Azərbaycan və İspaniya ölkəmiz üçün xüsusi maraq kəsb edən alternativ enerji mənbələrinin inkişafından tutmuş xidmətlər və turizm sektorlarınadək sahələrin geniş spektrində uğurla və effektiv əməkdaşlıq edə bilərlər.

Ümumi olaraq qəbul edilib ki, İspaniya alternativ və bərpa edilən enerji mənbələrinin istifadəsində dünya lideridir və "Iberdrola", "Gamesa" kimi şirkətlər bu sahədə inkişaf tendensiyasının qanunvericiliyidir.

"Məlum olduğu kimi, Azərbaycan Prezidenti tərəfindən bu il "Ekologiya ili" elan edilib. Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, Nazirlər Kabinetinin son geniş iclasında bu istiqamətdə vəzifələr dəqiq müəyyənləşdirilib və perspektivlər göstərilib. Bizim iqlim, təbiət və coğrafi şəraitlərimizin oxşarlığını nəzərə alaraq, burada əməkdaşlıq üçün böyük imkanlar var", - Əfəndiyev bildirib.

İspaniyanın "Iberdrola SA" energetika şirkəti silsilə qarışıq elektrik stansiyalarının tikintisində və istismarında da dünya lideridir.

"Azəbaycanın enerji sektorunun yenidən qurulmasını və elektrik enerjisinin istehsalında təbii qaz aksentini nəzərə alaraq, burada da qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı perspektivlər görürəm", - diplomat deyib.

Onun sözlərinə görə, məsələn, Avropanın ən böyük enerji şirkətlərindən biri olan "Gas Natural-Fenosa" Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə qaz sahəsində əməkdaşlığa maraq göstərir.

"Repsol" kimi dünyanın aparıcı şirkətlərinin iştirak edə biləcəyi ölkənin neft-kimya kompleksinin yenidən qurulması və modernləşdirilməsi böyük potensial maraq doğura bilər, - diplomat hesab edir.

Əfəndiyevin fikrincə, Azərbaycan və İspaniya infrastrukturun inkişafı və modernləşdirilməsində və mühəndis-tikinti sektorunda da fəal və effektiv əməkdaşlıq edə bilərlər.

"Azərbaycan misli görünməmiş tikinti dövrünü yaşayır, ölkə böyük tikinti meydanıdır. İnkişafın bu mərhələsinin vacib istiqaməti yeni müasir infrastrukturun yaradılmasıdır. Bura müasir avtomobil yollarının, müvafiq infrastrukturun, dəniz və hava limanlarının tikintisini, dəmiryolların, informasiya-kommunikasiya və energetika infrastrukturunun, boru kəməri şəbəkəsinin modernləşdirilməsini daxil edirəm", - səfir bildirib.

Onun fikrincə, hazırda Azərbaycanda ölkənin inkişafında həm respublika iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiya dərəcəsini, həm də onun rəqabət qabiliyyətini müəyyən edəcək yeni keyfiyyətli sıçrayış üçün növbəti illərə müasir təməl qoyulur.

"Razılaşın ki, ölkənin inkişafında məsuliyyətli mərhələdir", - diplomat qeyd edib.

Əfəndiyevin sözlərinə görə, infrastrukturun inkişafının özünəməxsusluğu ondan ibarətdir ki, bu proses kifayət qədər kapital tutumludur və öz inkişafında uzunmüddətli dövriliklə xarakterizə olunur.

"Buna görə də bu prosesdə keyfiyyətli yanaşma, planlaşdırmanın keyfiyyəti, layihələşdirmə və tikinti prinsipal əhəmiyyətə malikdir", - səfir deyib.

Onun fikrincə, Azərbaycan şübhəsiz ki, tikinti işlərinin görülməsində yüksək səviyyəyə çatıb, lakin ölkənin sosial-iqtisadi həyatının təməli və ayrılmaz hissəsi olan müasir infrastruktur təkcə tikinti demək deyil.

"O, davamlı inkişaf və həyat keyfiyyəti konsepsiyasını birləşdirən ekoloji, sosial, texnoloji, iqtisadi, mühəndis-texniki və digər aspekt və parametrləri seçir. Onlar infrastrukturun qiymətləndirilməsi, planlaşdırılması, həyata keçirilməsi və idarə edilməsində məsələnin məğzini təşkil edir. Və burada yeni yanaşmalar, üsul və texnologiyalar lazımdır", - Əfəndiyev vurğulayıb.

Səfirin sözlərinə görə, İspaniyanın bu mənada təcrübəsi dünyada ən cəlbedici və nümunəvidir.

"Ölkədə Avropada ən yaxşı sürətli dəmiryol sistemi, avtomobil yollarının ən şaxəli şəbəkəsi, dünyanın ən yaxşı su təchizatı və su təmizləmə sistemi, irriqasiya və su anbarı sistemi yaradılıb. İspaniyanın mühəndis-tikinti sənayesi dünyada ən inkişaf etmişlərdən biridir. Dünyada 10 ən böyük mühəndis-tikinti şirkətlərindən altısı və ya yeddisi İspaniyanındır", - diplomat əlavə edib.

Sevindirici haldır ki, belə şirkətlərdən biri olan OHL artıq Azərbaycanda avtomobil yolu layihəsinin həyata keçirilməsində iştirak edir.

Səfirin sözlərinə görə, Azərbaycan və İspaniya arasında digər əməkdaşlıq sahəsi şəhərsalma və arxitektura ola bilər.

"Əminəm ki, heç kim Bakının və ölkənin digər şəhər və rayonlarının necə inkişaf etməsinə biganə qala bilməz. Bu gün bu bəlkə də hər kəsi maraqlandıran həyati məsələdir. Bakı öz inkişafında misli görünməmiş dövrünü yaşayır. Biz ötən əsrin 90-cı illərində kortəbii tikinti nəticəsində şəhərin təkcə görünüşünün deyil, eləcə də həyat keyfiyyətinin necə ziyan çəkməsinin şahidi olmuşuq. Sevindirici haldır ki, indi bu proses ölkə rəhbərliyi tərəfindən nəzarət altındadır və ilk növbədə keyfiyyətə əhəmiyyət verilir", - Əfəndiyev qeyd edib.

Layihələşdirməyə dünyanın aparıcı arxitektorları cəlb edilir, tikintidə aparıcı xarici tikinti şirkətləri iştirak edir. Bakıda sənaye müəssisələrinin və limanın şəhərdən kənara köçürülməsi, şəhər bulvarının genişləndirilməsi, yeni "Ağ şəhər" massivinin yaradılması, Böyük Bakının baş planın üzərində işin getməsi də daxil olmaqla, miqyasına və işlərin həcminə görə misli görünməmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

"Bizim Bakını regional kontekstdə necə görmək istəməyimiz də əhəmiyyət kəsb edir. Çünki bu, Xəzər və Qara dəniz hövzəsi regionunda ən böyük mərkəzdir və onun rolu və əhəmiyyəti artmaqda davam edəcək. Əminəm ki, Bakı bu böyük regionun inkişaf dinamikasını müəyyən edəcək mərkəz olacaq", - səfir deyib.

Onun fikrincə, müxtəlif layihələrin qiymətləndirilməsində, layihələşdirilməsində və həyata keçirilməsində bütün faktorları nəzərə almaq və dünyanın ən yaxşı təcrübəsindən istifadə etmək lazımdır.

"Burada da İspaniyanın Azərbaycan ilə bölüşməyə hazır olduğu zəngin təcrübəsi var. Həm də burada bizi oxşar təbii iqlim, coğrafi və digər xüsusiyyətlər yaxınlaşdırır. Bütün dünyaya ispan şəhərlərinin görünüşündə silinməz iz qoyan İspaniyanın Qaudi, Kalatrava və digər arxitektorlarının şah əsərləri məlumdur", - Əfəndiyev vurğulayıb.

Səfirin sözlərinə görə, əməkdaşlıq üçün turizm, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, İT, bank-malliyyə və müasir mühəndis-sənaye kompleksinin inkişafı sektorları da maraq doğurur.

"İspaniya şirkətlərinin Azərbaycana marağı artır. İspaniya ağır maliyyə-iqtisadi böhran yaşayır və bu vəziyyət İspaniya şirkətlərini yeni bazarlara, o cümlədən Azərbaycandakı bazarlara daha fəal genişlənməyə sövq edir. Artıq bir neçə ispan şirkəti ofislərin açılması barədə qərar qəbul ediblər, bununla belə, bunlar ilk və cəsarətsiz addımlardır", - səfr deyib.

Əfəndiyev hesab edir ki, Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığının miqyası və inkişaf dinamikası ölkələr tərəfindən sahibkarlıq fəaliyyətinin aparılmasına əlverişli şəraitin yaradılması üçün birgə tədbirlərdən asılı olacaq.

"Bu mənada ilk müsbət siqnal noyabrın 5-də İspaniya hökuməti ikili vergiqoymadan yayınma haqqında sazişin mətnini bəyəndikdən sonra daxil oldu. Sənəd imzalanmaya hazırdır. Güman edirəm ki, siyahı yaxın vaxtlarda genişlənəcək", - səfir qeyd edib.

Diplomatın fikrincə, İspaniya şirkətlərinin Azərbaycan bazarına böyük gecikmə ilə çıxmağa hazırlaşmalarını və respublika bazarında böyük rəqabəti nəzərə alaraq, "əməkdaşlığa əlavə impuls vermək üçün ilkin mərhələdə bu prosesə müəyyən dərəcədə kömək etmək lazımdır. Səfirlik hökumətdə baxılması üçün müvafiq təkliflər hazırlayır".

İspaniya şirkətlərinin Azərbaycana cəlb edilməsi ilə paralel olaraq, əlverişli konyunkturanı nəzərə almaqla İspaniyada da investisiya imkanlarını öyrənmək lazımdır. "Burada yeni investisiyaların, o cümlədən Azərbaycandan olan investisiyaların cəlb edilməsinə böyük maraq var", - səfir güman edir.

Vəsaitlərin qoyuluş imkanlarını öyrənmək üçün səfir hesab edir ki, Azərbaycanın İspaniyada keçirilən ixtisaslaşmış forum və konfranslarda iştirakını genişləndirmək lazımdır. "Keçirilən tenderlər, gələcək layihə və inkişaf planları haqqında operativ qarşılıqlı informasiya mübadiləsini qurmaq lazımdır", - Trend-ə Əfəndiyev bildirib.

"Biz münasibətlərimizin inkişafının keyfiyyətcə yeni mərhələsindəyik və bu münasibətlərin gələcəyinə optimist baxıram", - Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev deyib.

Xəbər lenti

Xəbər lenti