Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir N.İsmayılova/
İnfrastruktur layihələrin həyata keçirilməsinə cəlb edilən hökumət agentliklərində kadr potensialının artırılması üzrə layihənin həyata keçirilməsi prosesinin icmalı məqsədilə Azərbaycana Dünya Bankının (DB) missiyasının səfəri gözlənilir. Bu barədə cümə axşamı bankın Bakı nümayəndəliyindən bildiriblər.
Məlumata əsasən, layihənin işçi qrupunun rəhbəri Elizabet Vanqın başçılıq etdiyi DB missiyası noyabrın 29-dan dekabrın 11-dək Bakıda olacaq.
Layihənin ümumi dəyəri 10 milyon dollar qiymətləndirilir. DB onun həyata keçirilməsinə 8 milyon dollar məbləğində kreditin ayrılmasını bəyənib. Qalan vəsaitlər Azərbaycan hökumətinin payına düşür. Kredit vəsaitləri Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) şərtlərinə əsasən, 10 il güzəştli dövr olmaqla, 20 il müddətinə verilib.
2010-cu il sentyabrın ortalarına olan məlumata görə, BİA-nın ayırdığı ümumi məbləğdən 1,08 milyon dollar xərclənib, istifadə olunmamış isə 7,12 milyon dollardır. Sentyabr və noyabrda layihə çərçivəsində kurslar keçirilib. Bundan başqa, layihənin növbəti seminarlar və treninqlərin yerləşdirildiyi rəsmi saytı işə salınıb.
Layihənin əsas məqsədi hazırlığın keyfiyyətinin və effektivliyinin artırılması və əsas sektorlarda, xüsusən də infrastruktur sahəsində investisiya layihələrinin yerinə yetirilməsidir.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bankla əməkdaşlıq dövründə respublikaya 2,5 milyard dollar məbləğində kreditin verilməsi bəyənilib.