...

Qazaxıstan Azərbaycana taxıl ixracını dörd dəfə artırıb – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2010 16:34 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Azərbaycan və Qazaxıstan arasında mal mübadiləsi 257 milyon dollar təşkil edib.
Qazaxıstan Azərbaycana taxıl ixracını dörd dəfə artırıb – səfir

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabr aylarında Azərbaycan və Qazaxıstan arasında mal mübadiləsi 257 milyon dollar təşkil edib. Bu barədə çərşənbə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib.

"İlin əvvəlindən Qazaxıstan taxılının Azərbaycana nəqli dörd dəfə artıb", - Primbetov deyib.

Onun sözlərinə görə, bu dövr ərzində bir milyon tona yaxın taxıl ixrac olunub.

"Bu il müasir un dəyirmanının quraşdırıldığı, keyfiyyətli unun istehsal olunduğu Azərbaycan-Qazaxıstan "Bakı taxıl terminalı" birgə müəssisəsi uğurla işləyib", - səfir deyib.

"Bakı taxıl terminalı" birgə müəssisəsi 2007-ci il aprelin 4-də təsis olunub. Terminalın tikintisi altı milyon dollara başa gəlib.O, ümumi həcmi 15 min ton olan taxılın müvəqqəti saxlanması üçün beş silosla təchiz olunub. Taxılın boşaldılıb yüklənməsi üzrə taxıl terminalının istehsal gücü ildə 500 min ton taxıl yüklənməsi ilə 300 ton/saat təşkil edir. Azərbaycan Respublikasının yüksək keyfiyyətli taxılla təminatı ilə yanaşı, Bakı terminalı Qazaxıstan taxılının Qafqaz və Qara dəniz regionları, eləcə də Aİ ölkələrinə təkrar ixracının mühüm ünsürü kimi xidmət edir.

"Bakı taxıl terminalı" MMC Azərbaycan və Qazaxıstan arasında ikitərəfli qarşılıqlı səmərəli iqtisadi əməkdaşlıq çərçivəsində yaradılıb.

Taxıl Qazaxıstanın Aktau limanından dəniz marşrutu üzrə nəql olunur.

Azərbaycanın taxıla olan tələbatı ildə 3 milyon ton təşkil edir. Ölkədə səpin sahələrinin bir hissəsi 2010-cu ilin yazında Aran zonasında baş vermiş təbii fəlakət nəticəsində su altında qalıb və bununla bağlı taxıl istehsalının həcmi ötən illə müqayisədə azalıb. Ötən il rekord istehsal həcmi olmuşdu. Dekabrın 1-nə olan məlumata əsasən, ölkədə 1864,2 min ton taxıl istehsal olunub.

Xəbər lenti

Xəbər lenti