Azərbaycan, Bakı, 21 dekabr /Trend/
"Standard & Poor's" beynəlxalq reytinq agentliyinin kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kreditlər reytinqini "ВВ+/В" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin çərşənbə axşamı dərc edilən məlumatında deyilir. Reytinqlər üzrə proqnoz hələ də "Müsbət"dir. Valyutanın köçürülmə riski və konvertasiyası "BBB-" səviyyəsində qalır.
"Reytinqlərin təsdiq edilməsi Azərbaycanın dövlət sektorunun özünün "netto-kreditor" mövqeyini möhkəmləndirəcəyi, bu ölkənin beynəlxalq investisiya mövqeyinin möhkəmlənəcəyi təqdirdə, hökumətin xarici borcunun gözlənilən büdcə profisitləri fonunda orta səviyyədə qalacağı gümanımızla əlaqədardır", -"Standard & Poor's"in kredit analitiki Lyuk Marşan deyib.
Reytinqə müsbət təsiri zəngin təbii ehtiyatların olması, büdcə və beynəlxalq ehtiyatların məbləği, eləcə də iqtisadi artımın yaxşı perspektivləri göstərir.
Neft hasilatı və ixracı ilə bağlı əlverişli proqnoz güman etməyə imkan verir ki, yaxın bir neçə ildə ölkə cari əməliyyatların hesabı üzrə profisiti və konsalidasiya olunmuş büdcənin profisitini saxlayacaq.
"2011-ci ildə neft hasilatının praktiki olaraq dəyişməz səviyyədə qalacağı, 2012-ci ildə isə artacağı gözlənildiyindən, bizim gözləntilərimizə görə, gələn il neftin qiymətinin bir barel üçün təxminən 86 dollara qədər artacağını nəzərə alaraq, güman etmək olar ki, cari əməliyyatların hesabı üzrə profisit yüksək qalacaq və 2011-2012-ci illər dövründə orta hesabla ÜDM-in 20 faizini təşkil edəcək", - agentliyin ekspertləri hesab edirlər.
"Standard & Poor's" hesab edir ki, neft sektoruna birbaşa xarici investisiyaların axınının güclənməsi 2012-2013-cü illərdən sonra neft hasilatının artmasına xidmət etməlidir. Qlobal ressesiyaya baxmayaraq, 2010 və 2011-ci illərdə Azərbaycanda iqtisadi artım agentliyin qiymətləndirmələrinə görə, ildə 4 faizə yaxın olacaq, sonradan isə iqtisadiyyatın qeyri-neft sektorunun artım tempinin yüksəlməsi (2012-2013-cü illərdə 5 faizədək) sayəsində tədricən sürətlənəcək. Belə ki, iqtisadiyyat karbohidrogen xammalının satışından əldə edilən daxilolmalardan stimullaşmaqda davam edir.
"Müsbət" proqnozu agentliyin Azərbaycanın həm büdcənin, həm də cari əməliyyatlar hesabı üzrə profisitini ifadə edən xarici ödəniş balansının və dövlət büdcəsinin balans göstəricilərinin gələcəkdə yaxşılaşacağı ilə bağlı gözləntilərini əks etdirir. "Gözləntilərimiz özünü doğrultsa, bu, ölkənin 2011-ci il ərzində reytinqinin investisiya kateqoriyasına qədər yüksəlməsinə xidmət edə bilər. Biznesin aparılması şəraitinin xeyli yaxşılaşdırılması, struktur islahatların sürətləndirilməsi üzrə tədbirlərin görülməsi və iqtisadiyyatın diversifikasiyası üzrə göstərilən səylər, eləcə də pul siyasətinin və bank sisteminin möhkəmləndirilməsi də reytinqin artırılmasına gətirib çıxara bilər", - agentliyin ekspertləri belə düşünür.