...

Azərbaycanın Milli Depozit Mərkəzində az miqdarda özəlləşdirmə çeki qalıb - QKDK

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2010 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yanında Milli Depozit Mərkəzində orta hesabla 600 min özəlləşdirmə payı saxlanılır. Bu barədə çərşənbə günü jurnalistlərə QKDK-nın sədri Rüfət Aslanlı deyib.

"Son iki ildə çeklərin sayı dövlət əmlakının özəlləşdirilməsi prosesində istifadə edilməsi ilə əlaqədar xeyli azalıb. Bu çeklərin sahibləri investorlardır", - Aslanlı qeyd edib.

QKDK-nın sədri informasiyanın məxfi olduğuna görə, onların adlarını çəkməkdən imtina edib.

"Yəqin ki, yaxın vaxtlarda özəlləşdirmə çeklərinin sahibləri onların istifadəsi və ya başqa qərarın qəbul edilməsi üzrə hüquqdan yararlanacaqlar", - dövlət komitəsinin sədri bildirib.

Özəlləşdirmə paylarının dövriyyə müddəti 2010-cu il dekabrın 31-də başa çatır.

Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvar ayının 1-dən başlanılıb və iki mərhələdə həyata keçirilib. Ümumilikdə, vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir Azərbaycan vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadə edilib.

Özəlləşdirmə dövrü ərzində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir.

Dövlət özəlləşdirmə paylarından daha geniş istifadə edilməsi məqsədilə onların dövriyyə müddəti bir neçə dəfə uzadılıb (2002-ci ilin yanvarın 1-dək, 2004-cü ilin iyulun 1-dək, 2008-ci ilin yanvarın 1-dək və son dəfə 2010-cu ilin dekabrın 31-dək).

Azərbaycanda dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti bitdikdən sonra özəlləşdirmə prosesində iştirak üçün yeni mexanizmlər müəyyənləşdirilib, - əvvəllər Azərbaycanın Əmlak Məsələləri üzə Dövlət Komitəsindən bildirmişdilər.

"Azərbaycan Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 22 iyun 2010-cu il tarixli fərmanına əsasən, yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcək. Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.

Xəbər lenti

Xəbər lenti