Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 17 kiloqrama yaxın olan 56 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.
Monitorinqlər Bakının Binəqədi, Nərimanov və Xətai rayonlarında keçirilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara Yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və s. məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.