...

Azərbaycanda ölkə regionlarından vergi daxilolmalarının artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2011 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda vergi yığımlarının ümumi həcmində ölkə regionlarından daxilolmaların 30-35 faiz artımı gözlənilir. Bu barədə cümə günü jurnalistlərə Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

"Şübhəsiz ki, regionların inkişafı fonunda vergi daxilolmalarında müsbət dəyişikliklər olmalıdır. Ötən il regionlardan 400 milyon manata yaxın vəsait daxil olub və bu, kifayət qədər yüksək göstəricidir. Lakin nəzərə almaq lazımdır ki, regionlarda fəaliyyət göstərən iri vergi ödəyiciləri Bakıda uçotdadırlar və bu, ümumi göstəriciyə təsir edir", - Səmədzadə bildirib.

Onun sözlərinə görə, tarixən bütün vergi daxilolmalarının 80 faizi Bakının payına düşür, lakin regionlar inkişaf etdikcə onların xüsusi çəkisi artacaq.

2010-cu ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4,294 milyard manat təşkil edib. Bu, inişilki yığımları 4,4 faiz və ya 180,6 milyon manat üstələyir.

"Vergi daxilolmalarının 63,3 faizi və ya 2,717 milyard manatı özəl sektorun hesabına təmin edilib. Bu, 2009-cu ildəkindən 324,9 milyon manat və ya 13,6 faiz çoxdur", - əvvəllər vergilər nazirinin müavini Natiq Əmirov bildirib.

Ölkə regionlarının iqtisadi inkişafı vergi daxilolmalarının səviyyəsinə müsbət təsir göstərir. 2006-cı ilin yekunları üzrə regionlarda yığımlar 86,8 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu, artıq 312 milyon manat (bu onunla əlaqədardır ki, neftin orta qiyməti bir barel üçün 105 dollar təşkil edərək, ən yüksək həddə çatıb), 2009-cu ildə 302 milyon manat olub. 2010-cu ildə vergi köçürmələri 344 milyon manat səviyyəsində olub.

Yanvarın 28-nə rəsmi məzənnə 0,7969 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti