Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Ü.İsmayılova/
"AXA MBASK" Azərbaycan-Fransa sığorta şirkətinin səhmdarları martın 17-də növbəti iclasın keçirilməsini planlaşdırıblar. İclasın gedişində 2011-ci il üzrə büdcənin təsdiqlənəcəyi gözlənilir. Bu barədə şirkətdən çərşənbə axşamı məlumat verilib.
İclas zamanı 2010-cu ildəki fəaliyyətin yekunları üzrə maliyyə hesabatına, ötən il əldə olunan mənfəətin bölüşdürülməsi və ya nizamnamə kapitalının artırılması məsələlərinə baxılacaq.
2010-cu ildə şirkətin sığorta mükafatlarının ümumi həcmi 8,39 milyon manat, ödənişləri 3,54 milyon manat səviyyəsində olub.
2010-cu ilin yekunları üzrə şirkətin mənfəəti 1,36 milyon manat təşkil edib, "AXA MBASK"-dan deyiblər.
Məlumatda deyilir ki, "səhmdarlar iclasda mənfəətin tam və ya qismən şirkətin kapitallaşdırılmasına yönəldilməsi məsələsini müzakirə etməyi planlaşdırılar". Hazırda şirkətin kapitalı 5,73 milyon manat səviyyəsində formalaşıb.
Şirkət Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərir. Lakin ötən il şirkətin səhmdarları strukturunda dəyişiklik baş verib.
Ötən ilin oktyabrında Fransanın "AXA Group" sığorta şirkəti Azərbaycanın MBASK sığorta şirkətinin nəzarət səhm paketini alıb. Nəzarət səhm paketi "AXA Group"un törəmə şirkəti - İspaniyanın "AXA Seguros Generales" şirkəti tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) və MBASK-ın kapitalında payını almaq hesabına əldə edilib. Qeyd edək ki, MBASK-ın səhmlərinin 30 faizi AYİB-ə, 70 faizi isə şirkətin əsas səhmdarı Eldar Qəribova məxsusdur. Qəribova yerdə qalan 49 faiz pay məxsus olacaq.
Səmdarının dəyişməsi nəticəsində şirkətin adı dəyişdirilərək "AXA MBASK" adlandırılıb. Şirkət 29 növdə sığorta xidmətləri göstərir, onlardan dördü icbaridir.
"AXA Group" maliyyə mühafizəsi sahəsində dünya üzrə liderdir. Şirkət öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropa, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirməklə həyata keçirir.
Fevralın 1-də rəsmi məzənnə 0,7963 AZN/USD təşkil edir.