...

Azərbaycan İpoteka Fondunun müvəkkil agentlərinin siyahısı genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2011 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir N.İsmayılova/

Ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) müvəkkil agentləri qismində çıxış edən bank və qiymətləndirmə şirkətlərinin sayını artırıb. Bu barədə çərşənbə günü AİF-dən bildiriblər.

AİF-in müvəkkil agentləri siyahısına sayca 22-ci olan "Bank Silk Way", 11-ci qiymətləndirmə təşkilatı olan "Integris" daxil edilib.

"Bank Silk Way" ASC çoxprofilli maliyyə təsisatıdır. Bank Visa International, Master Card ödəniş sistemlərinin, "Western Union", "Bıstraya poçta", "Privat Money" pul köçürmələri sistemlərinin üzvüdür.

AİF-in sonuncu agenti bankı "Bank of Baku" olub. Hazırda 16 sığorta şirkəti də AİF-in müvəkkil agentidir.

Fondun şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borc alanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı, üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin, maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti