Azərbaycan, Bakı, 22 fevral /Trend/
"AccessBank" əməkdaşları talassemiya xəstəliyi olan uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil edib. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Korporativ-Sosial Məsuliyyət" proqramı çərçivəsində "AccessBank" Talassemiya Xəstələri Assosiasiyası ilə birlikdə talassemiya xəstəliyi olan uşaqlar üçün donor qanının verilməsi üzrə növbəti aksiya keçirib. Bununla əlaqədar olaraq, bankın "Azadlıq" filialı birgünlük donor qanının verilməsi mərkəzinə çevrilib. Qanköçürmə İnstitutundan dəvət olunmuş yeddi həkim qan vermək üçün filiala gəlmiş donorları yoxlayaraq onların qanının analizini aparıblar. "AccessBank", həmçinin, donorların halının pisləşməməsinin də qayğısına qalaraq kiçik bir furşet təşkil edib. Gün ərzində kassirlərdən və Müştəri Xidmətləri şöbəsinin əməkdaşlarından tutmuş bankın İdarə Heyətinin sədrinədək 60 nəfər qan vermək üçün müraciət edib.
Qan verənlərdən bəziləri yeni əməkdaşlar olduğundan, qanvermə aksiyasına ilk dəfə qoşulublar, bəziləri isə qanvermə aksiyasında mütəmadi iştirak edir. Bu cür əməkdaşlardan biri - "Azadlıq" filialının Kiçik və Orta Biznes Kreditləri şöbəsinin rəisi Elnur Mehdiyev deyib: "Əgər mənim qanım hansısa uşağın ömrünü uzatsa, yaxud həyatını xilas etsə mən çox şad olaram. Mən bu cür aksiyaları daim dəstəkləmişəm, çünki qan verməklə biz köməyə ehtiyacı olan insanların həyatında iştirak edirik. Biz unutmamalıyıq ki, bu, bizim insani borcumuzdur".
"AccessBank"ın baş meneceri Endrü Pospilovski bu aksiyanı şərh edərək deyib: "Bu cür aksiyalar təşkil etməklə biz Azərbaycan ictimaiyyətinin həyatında iştirak edirik. "AccessBank" təkcə Azərbaycan iqtisadiyyatının yox, həmçinin, insan amilinin inkişafında aparıcı rol oynamağa çalışır. Bütünlüklə "АссessBank" kollektivi adından və şəxsən öz adımdan mən bu aksiyada iştirak etmiş hər bir kəsə təşəkkür etmək istəyirəm - Siz öz qanınızı verməklə "həyat hədiyyəsi" edirsiniz!"
"Korporativ-Sosial Məsuliyyət" proqramı 2008-ci ilin avqust ayında bankda yaradılıb və həmin proqram çərçivəsində "AccessBank" təhsil sahəsindən tutmuş ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər ən müxtəlif sahələrdə çoxsaylı layihələr həyata keçirib.
"АccessBank"ın missiyası, aşağı və ortagəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin, "Euromoney" Nəşriyyat Qrupu tərəfindən "2010-cu ildə Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.