...

Azərbaycan vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması dövlət büdcəsinə daxilolmaların təmin olunması qədər əhəmiyyətli məsələdir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 16:14 (UTC +04:00)
2010-cu ildə ölkənin vergi orqanlarına 37,474 yazılı müraciət daxil olub. Onlardan 97,3 faizi ərizə, 2,6 faizi şikayət, 1 faizi isə təklif xarakterli olub.
Azərbaycan vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması dövlət büdcəsinə daxilolmaların təmin olunması qədər əhəmiyyətli məsələdir - nazir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Bədəlova/

2010-cu ildə ölkənin vergi orqanlarına 37,474 yazılı müraciət daxil olub. Onlardan 97,3 faizi ərizə, 2,6 faizi şikayət, 1 faizi isə təklif xarakterli olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Vergilər Nazirliyinin məlumatında deyilir. 283 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Ötən il müraciətlərin 79,5 faizi müsbət həll olunub, qalanları barədə vətəndaşlara müvafiq izahatlar verilib.

Ötən il dövlət vergi orqanlarına cəmi 960 şikayət daxil olub ki, bu da 2009-cu illə müqayisədə 1164 vahid azdır. Vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) ilə bağlı şikayətlərin sayı da 264 vahid azalıb. Daxil olmuş müraciətlərdən 272-nin və ya cəmi 0,7 faizinin baxılma müddəti gecikdirilib ki, bu da əvvəlki illə müqayisədə 355 vahid azdır.

Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti ilə bağlı məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda qeyd edilib ki, vergiödəyicilərin, vətəndaşların vergi orqanlarına müraciətlərinin təhlil olunması, qarşıya çıxan problemlərin yerlərdə araşdırılması və müzakirə edilməsi, vergiödəyiciləri narahat edən məqamların öyrənilməsi məqsədilə 2010-cu ildə nazir müavinləri və nazirliyin digər rəhbər işçilərinin iştirakı ilə 10 şəhərdə vergiödəyicilərlə görüşlər və bu görüşlərin nəticələri də nəzərə alınmaqla, dörd zona müşavirəsi keçirilib.

Vergiödəyicilər tərəfindən qaldırılan məsələlər nəzarətə götürülərək onların icrası ilə bağlı tədbirlər planı təsdiq olunub.

İclas zamanı o da qeyd edilib ki, bir sıra hallarda Ərazi Vergilər idarələrinə daxil olan müraciətlər mövzulara və növlərə görə düzgün qeydiyyata alınmır, bu isə onların hansı məsələlərlə əlaqədar olduğunun müəyyən edilməsində çətinliklər yaradır. Bunu nəzərə alaraq ötən ilin ikinci yarısından etibarən müraciətlərin mövzular və növlər üzrə təsnifatı dəyişdirilib.

2010-cu ildə dövlət vergi orqanlarında 3111, o cümlədən nazirliyin aparatında 819 vətəndaş qəbul edilib, onların müraciətlərinə müvafiq qaydada baxılaraq tədbirlər görülüb.

Nazirliyinin aparatında və tabeli qurumlarında vətəndaş müraciətlərinə baxılması nəticəsində aşkarlanmış nöqsanlara görə 30 vergi orqanı əməkdaşına xəbərdarlıq edilib, 81 nəfərə töhmət, 40 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib, 2 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib.

Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov xüsusi olaraq vurğulayıb ki, vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması məsələsi hər bir vergi orqanı üçün dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması qədər əhəmiyyətlidir və bu sahədə hər hansı bir vəzifəli şəxs tərəfindən yol verilmiş nöqsanlara görə çox ciddi tədbirlər görülməlidir.

Xəbər lenti

Xəbər lenti