...

"Global Finance" jurnalı "AccessBank"ı Azərbaycanın ən yaxşı bankı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 16:48 (UTC +04:00)
"Global Finance" jurnalı "AccessBank"ı "Dünyanın inkişaf edən bazarlarının ən yaxşı bankı (Asiya regionu üzrə)" nominasiyasında "Azərbaycanın ən yaxşı bankı" adına layiq görüb.
"Global Finance" jurnalı "AccessBank"ı Azərbaycanın ən yaxşı bankı elan edib

Azərbaycan, Bakı, 30 mart /Trend/

"Global Finance" jurnalı "AccessBank"ı "Dünyanın inkişaf edən bazarlarının ən yaxşı bankı (Asiya regionu üzrə)" nominasiyasında "Azərbaycanın ən yaxşı bankı" adına layiq görüb. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları regionun inkişaf edən bazarında və 20 ölkə arasında ən yaxşı bankı seçiblər. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsinə, gəlirlilik səviyyəsinə, strateji əlaqələrin mövcudluğuna, müştəri xidmətlərinin yüksək keyfiyyətinə, qiymətlərin rəqabət qabiliyyətinə və məhsulların innovasiya amillərinə əsaslanıb.

Artıq 18 ildir ki, "Global Finance" jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Jurnalın naşiri Cozef Ciarraputo bu təltifatı şərh edərək deyib: "Biz qeyri-adi şəraitdə yaşamaqda davam edirik və bu şəraitdə bankların və onların müştərilərinin diqqətinə böyük tələbat mövcuddur. Müştərilər bank tərəfdaşlarından əvvəlki vaxtlardan daha yüksək səviyyədə bacarıq tələb edirlər. Bu banklar isə daha çox bacarıq nümayiş etdirən banklardır."

"Global Finance" jurnalı beynəlxalq maliyyə sektorunun materiallarını dərc etdirir. Buraya korporativ maliyyələşdirmə, birgə müəssisələr haqqında yeniliklər, ölkənin profilləri və s. mövzular daxildir. Jurnal həmçinin il ərzində maliyyə institutlarının və şirkətlərin təltifatı üzrə bir neçə mərasim həyata keçirir. Ən böyük mərasim Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hər il keçirilən görüşü zamanı təşkil olunur.

"AccessBank"ın baş meneceri Endryu Pospilovski bu mükafatı şərh edərək deyib: "Biz fəxr edirik ki, "Global Finance" jurnalı "AccessBank"ı "Azərbaycanın ən yaxşı bankı" adına layiq görüb. Bu, bizim hər bir əməkdaşımızın gərgin əməyinə beynəlxalq aləmdə verilən mükafat, müştərilərimiz üçün isə etibarlılığın təminatıdır."

"АccessBank" aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərmək məqsədi ilə yaradılıb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti