Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir N.İsmayılova/
Dünya Bankının (DB) ölkə üzrə meneceri Pedro Rodrigezin rəhbərliyi etdiyi missiyası aprelin 7-də Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan hökuməti və bank tərəfindən həyata keçirilən birgə iqtisadi tədqiqat proqramının əsas konturlarının müəyyən edilməsi, Azərbaycan iqtisadiyyatı və qiymətli kağızlar bazarının inkişaf tendensiyalarının müzakirəsi məqsədilə danışıqlar aparıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin cümə günü yaydığı məlumatda deyilir.
Görüşdə iştirak edən QKDK-nın sədri Rüfət Aslanlı ölkənin son dövrdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf modelinin müəyyən edilməsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan birgə iqtisadi tədqiqat proqramın zəruriliyini qeyd edib və bu əsasda makroiqtisadi sabitliyin dayanıqlığının qorunub saxlanması, çevik biznes mühitinin yaradılmasının və insan kapitalının inkişafı məsələlərinin diqqət mərkəzində saxlanmasının vacıbliyini vurğulayıb.
Rodrigezin sözlərinə görə, birgə iqtisadi tədqiqat proqramı qeyri-neft sektorunun diversifikasiyası və institusional inkişafın təmin edilməsinə töhfə verəcək.
Görüş çərçivəsində özəl sektorun kapitallaşma mexanizmlərinin genişləndirilməsi, maliyyə hesabatlılığının gücləndirilməsi, maliyyə sektorunun şaxələndirilməsi və rəqabət qabiliyyətinin artırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.