...

Azərbaycan Prezidentinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə üzrə yaranmış borcların silinməsi haqqında fərmanı əhalinin 85 faizini əhatə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2011 14:57 (UTC +04:00)
Bütün Azərbaycan üzrə istehlakçıların mənzillərində su sayğaclarının quraşdırılması 2011-ci il ərzində başa çatacaq.
Azərbaycan Prezidentinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə üzrə yaranmış borcların silinməsi haqqında fərmanı əhalinin 85 faizini əhatə edəcək

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Axundov/

Bütün Azərbaycan üzrə istehlakçıların mənzillərində su sayğaclarının quraşdırılması 2011-ci il ərzində başa çatacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi mətbuat konfransında "Azərsu" ASC-nin sədr müavini Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu günədək əhalinin 90 fazinin mənzillərində su sayğacları quraşdırılıb.

"Onlardan bəziləri artıq köhnəlib və dəyişdirilməsi lazımdır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, müəssisənin əsas məqsədi istifadə olunan suya görə yığımların həcminin 100 faizə çatdırılmasıdır, çünki ASC-nin əsas gəlirlərini bu yığımlar təşkil edir.

Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə bu fərmana uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərmək; istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görmək; Nazirlər Kabinetinə bu fərmana əsasən əhalinin borclarının silinməsi ilə bağlı "Azərsu" ASC-nin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məmmədovun sözlərinə görə, 2011-ci il fevralın 1-nə qədər əhalinin 85 faizinin borcu olub. Bu gün fevralın 1-dən sonra yaranan borcların müəyyən edilməsi üzrə işlər aparılır.

O bildirib ki, "Azərsu" bu işləri bir ay ərzində başa çatdırmağı planlaşdırır.

Onun sözlərinə görə, yeni sayğaclar elə quraşdırılacaq ki, suyun haqqını ödəməyən istehlakçının suyu kəsilərkən bundan bütün yaşayış evinin sakinləri əziyyət çəkməsinlər.

Aprelin 11-nə rəsmi məzənnə 0,7923 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti