...

Azərbaycanda pensiya-sığorta sistemində davamlı inkişafa nail olunub - DSMF rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 16:53 (UTC +04:00)
İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci ilin birinci rübündə gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 19 faiz və ya 83 milyon manat artaraq 521 milyon manat təşkil edib.
Azərbaycanda pensiya-sığorta sistemində davamlı inkişafa nail olunub - DSMF rəhbəri

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci ilin birinci rübündə gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 19 faiz və ya 83 milyon manat artaraq 521 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov çərşənbə axşamı Nazirlər Kabinetinin 2011-ci ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasında bildirib. İclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilib.

"İqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi nəticəsində cari ilin yanvar-mart aylarında əhalinin pul gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 16,8 faiz, orta aylıq əməkhaqqının 11,7 faiz artması, əhalinin adambaşına düşən gəlirlərinin inflyasiyanın səviyyəsini 7,7 faiz üstələməsi, büdcə və qeyri-büdcə sektorunda stabil durumun mövcudluğu sığorta-pensiya sisteminin dayanıqlı inkişafına öz müsbət təsirini göstərib", - Müslümov deyib.

Onun sözlərinə görə, sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin birinci rübünə nisbətən 15 faiz və ya 35 milyon manat artaraq 270 milyon manat olub.

"Sosial sığorta daxilolmalarının 58,2 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb, onların ödədiyi sosial sığorta haqlarının məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17,3 faiz və ya 23 milyon manat artıb", - Müslümov bildirib.

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilib, fiziki şəxslərdən daxilolmalar 24 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri isə 40 faiz artıb.
"Rüb ərzində dövlət büdcəsinin transferti kimi fondun xəzinə hesabına 250 milyon manat vəsait daxil olub", - Müslümov deyib.

DSMF sədrinin sözlərinə görə, fondun gəlirlərinin miqdarı xərclərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

"Cari ilin yanvar və fevral aylarında pensiyaların maliyyələşdirilməsi qrafik üzrə vaxtında yekunlaşdırılıb, mart ayı üzrə isə Novruz bayramınadək tam başa çatdırılıb. Bu məqsədlə aprel üçün transfertin 57,4 milyon manatlıq məbləğindən istifadə olunub", - Müslümov bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 466 milyon manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə fond tərəfindən 457 milyon manat xərclənib ki, bu da əvvəlki ilin I rübünə nisbətən 46 milyon manat və ya 11,2 faiz çoxdur.

"Hazırda əhaliyə aylıq ödənişlərin məbləği təqribən 200 milyon ABŞ dolları həcmindədir", - o bildirib.

DSMF sədrinin sözlərinə görə, 620 min nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsinin artırılmasına rüb ərzində 4,2 milyon manat vəsait xərclənib. Bu artım ötən ilin istehlak qiymətləri indeksinin, yəni 5,7 faiz indeksləşdirilməsi nəticəsində baş verib.

Aprelin 13-nə olan rəsmi məzənnə 0,792 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti