...

Azərbaycan sığortada istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Polşanın təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 19:42 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti Polşanın Maliyyə Nəzarəti Orqanı ilə birlikdə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə Polşa təcrübəsinin öyrənilməsi və uyğun tövsiyələrin hazırlanması yönündə birgə layihənin icrasına başlayır.
Azərbaycan sığortada istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Polşanın təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Polşanın Maliyyə Nəzarəti Orqanı ilə birlikdə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə Polşa təcrübəsinin öyrənilməsi və uyğun tövsiyələrin hazırlanması yönündə birgə layihənin icrasına başlayır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Qeyd olunan layihə Polşanın Maliyyə Nəzarəti Orqanı tərəfindən təklif olunub, Dövlət Sığorta Nəzarəti Xidmətinin təqdim etdiyi mövzuya uyğun olaraq hazırlanıb.

2011-ci ilin dekabr ayına kimi yekunlaşdırılması nəzərdə tutulan layihə 4 mərhələdən ibarətdir.

I mərhələdə Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyət və istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar qanunverici sənədlər və praktik materiallar təhlil olunacaq, bu isə öz növbəsində Layihənin icrasına cəlb olunan polşalı ekspertlərə Azərbaycanın sığorta sektoru ilə yaxından tanış olmaq və problemli sahələri müəyyən etməyə imkan yaradacaq.

II mərhələdə Avropa İttifaqı direktivlərinin, habelə Polşa qanunvericiliyinin və təcrübəsinin öyrənilməsi üçün Azərbaycanda polşalı ekspertlər tərəfindən Azərbaycanın sığorta nəzarəti orqanının əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihənin III mərhələsində Azərbaycan Maliyyə Nazirliyinin əməkdaşlarının Polşanın Varşava şəhərinə işgüzar səfəri çərçivəsində sığorta xidmətlərinin göstərilməsi zamanı istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Polşa təcrübəsinin daha yaxından öyrənilməsi və ilkin tövsiyələrin müzakirəsi planlaşdırılır.

Layihənin IV - sonuncu mərhələsi istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi və bu yolla sığorta bazarına inamın artırılması üçün yekun təkliflərin hazırlanaraq Azərbaycan Maliyyə Nazirliyinə təqdim olunmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti