...

Azərbaycanda iri sement zavodunun Müşahidə Şurasında dəyişiklik gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 15:46 (UTC +04:00)
"Qaradağ Sement" ASC-nin illik yığıncağında zavodun Müşahidə Şurasının tərkibində dəyişikliklər məsələsinə baxılacaq.
Azərbaycanda iri sement zavodunun Müşahidə Şurasında dəyişiklik gözlənilir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir N.İsmayılova/

"Qaradağ Sement" ASC-nin illik yığıncağında zavodun Müşahidə Şurasının tərkibində dəyişikliklər məsələsinə baxılacaq. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata əsasən, iyunun 8-də Bakıda keçiriləcək yığıncaqda Müşahidə Şurasının üzvü Tim Zurunun Kamran Abbasovla əvəzlənməsi məsələsinə baxılacaq.

Yığıncağın gündəliyinə baş direktorun 2010-cu ilin fəaliyyət yekunları üzrə hesabatı, təftiş komissiyasının hesabatları və 2010-cu maliyyə ili üçün gəlirin bölüşdürülməsi haqqında qərarın təsdiqlənməsi, şirkətin nziamnaməsinə dəyişikliklər edilməsi də daxildir.

Bu günə şirkətin səhmdarı beş hüquqi və 879 fiziki şəxsdir. "Holcim Ltd" şirkəti səhmlərin 66 faizinə, Azərbaycan İnvestisiya Şirkəti 10, Avropa Yenidənqurma və İnkişaf Bankı 10, "Holcim Auslandbeteiligungs GmbH" 3,39 faizinə sahibdir. "Azer Invest Company" şirkəti 0,26 faiz həcmdə paketə sahibdir, qalan 10,35 faiz fiziki şəxslərə məxsusdur.

"Qaradağ Sement" ASC Azərbaycanda sement və klinkerin yeganə istehsalçısıdır. Şirkət ölkə bazarının böyük hissəsini həm yerli, həm də beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulla təmin edir.

Qaradağ sement zavodunun əsasında 1999-cu ildə yaradılan "Qaradağ Sement" ASC İsveçrənin "Holcim Group" şirkətinin əsas səhmlər paketini aldıqdan sonra qısa müddət ərzində Azərbaycanın daxili bazarında böyük uğurlar qazanıb.

Xəbər lenti

Xəbər lenti