...

Azərbaycanda yoxlama reyestri qüvvəyə mindikdən sonra turizm obyektlərində monitorinqlər bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 14:29 (UTC +04:00)
Mayın 1-dən etibarən Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına dair reyestr qüvvəyə minəcək, bundan sonra turizm obyektlərində monitorinqlər bərpa olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin rəhbəri Aydın İsmiyev deyib.
Azərbaycanda yoxlama reyestri qüvvəyə mindikdən sonra turizm obyektlərində monitorinqlər bərpa ediləcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov/

Mayın 1-dən etibarən Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına dair reyestr qüvvəyə minəcək, bundan sonra turizm obyektlərində monitorinqlər bərpa olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin rəhbəri Aydın İsmiyev deyib.

"Turizm obyektlərində monitorinqin aparılması haqqında informasiyalar da Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərəcək bu reyestrə daxil ediləcək", - İsmiyev bildirib.

Onun sözlərinə görə, bundan sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan turizm şirkətləri və mehmanxanaların monitorinqi davam edəcək.

Azərbaycan Turizm Assosiasiyası (AZTA) fevralın 28-dən etibarən Mədəniyyət və Turizm və İqtisadi İnkişaf nazirlikləri ilə birgə turizm şirkətlərinin fəaliyyətinin monitorinqinə başlayıb.

Monitorinqlərin ilkin nəticələrinə görə, Bakıda lisenziyası olmayan bir sıra turizm şirkətləri aşkarlanıb.

Yoxlamalar ölkədə fəaliyyət göstərən hər bir turizm şirkətində aparılacaq. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ölkədə 207 turizm şirkəti fəaliyyət göstərir.

Monitorinqin aparılmasında əsas məqsəd lisenziyasız fəaliyyət göstərən turizm şirkətlərinin aşkar edilməsidir. Monitorinqin predmeti şirkətlərdə göstərilən xidmətlərin keyfiyyəti, xüsusilə də turistlərin aldadılması hallarının mövcudluğu olacaq. Nazirliyin tələblərinə uyğun olmayan, eləcə də müştərilərin tələbatlarına cavab verməyən şirkətlər ləğv ediləcək. Bu barədə bir müddət əvvəl AZTA rəhbəri Nahid Bağırov deyib.

Turizm şirkətlərinin keyfiyyət monitorinqi başa çatdıqdan sonra ölkə regionlarındakı turizm obyektlərinin monitorinqinin keçirilməsi planlaşdırılır.

Monitorinqlər ilkin mərhələdə Bakıda, gələcəkdə isə ölkə regionlarında keçiriləcək. "Turizm sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ölkə Prezidenti tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi çərçivəsində nəzərdə tutulur", - Bağırov qeyd edib.

Xəbər lenti

Xəbər lenti