Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Axundov/
2011-ci ildə Azərbaycanda məhsul almaq üçün pambıq istehsalçıları və sifarişçilər tərəfindən 45 min hektar ərazidə pambıq yetişdirilməsi üzrə müqavilələr imzalanıb ki, bu da 2010-cu ildəkindən 15 min hektar çoxdur. Bu barədə cümə axşamı Trend-ə Kənd Təsərrüfatı Nazirliyindəki mənbə bildirib.
Mənbə deyib ki, hazırda əkin davam edir, bu zaman əsas diqqət yeni texnologiyalardan istifadəyə ayrılır.
"Əkin zamanı yerli pambıq sortlarının - "AzNİXİ-195", "Ağdaş-3", "Gəncə-8", "Gəncə-78" və "Ağ qızıl" və "Flora" sortlarının toxumlarından istifadə olunur", - nazirlikdən deyiblər.
Azərbaycanda ən iri pambıq istehsalçısı olan MKT şirkəti fermerlərdən pambığın alışı qiymətlərini təxminən 7 faiz - 0,39 manatdan 0,42 manatadək artırıb.
Dünya bazarında pambığın qiyməti artıb və yerli fermerlərdən alınan məhsulun dəyəri azərbaycanlı fermerlərin bu sahəyə marağını artırıb.
Nəticədə Yevlax rayonunda pambığın əkin sahəsi 53 faiz - 2010-cu ildəki 400 hektardan bu ilki 613 hektaradək - artıb. Göyçay rayonunda da pambıq əkini sahələrinin 30 faiz - 60-dan 80 hektaradək - genişlənəcəyi gözlənilir. Ucar rayonunda isə əkin sahəsinin 700-dən 600 hektaradək azalması müşahidə olunub ki, bu da onunla izah olunur ki, fermerlər maksimum gəlir əldə etmək məqsədilə bu ərazilər üçün daha əlverişli olan pambıq yetişdirməyə başlayıblar.
MKT şirkətinin məlumatına görə, əgər ötən il pambıq əkini üzrə müqavilələr 19 min hektar nəzərə alınmaqla imzalanmışdısa, sel və daşqınlar nəticəsində yalnız 16,2 min hektar ərazidə pambıq əkmək mümkün olmuşdu. Bu il isə sahələr 19 faiz genişlənərək 20 min hektarı ötüb.
Son bir il ərzində pambıq tədarükü 17 faiz artmış və 2009-cu ildə 31,9 min ton təşkil etmişdisə, bu, 2010-cu ildə 37,3 min tona çatıb.
Əgər 2009-cu ildə 21 min hektar ərazidə pambıq əkilmişdisə, bu, 2010-cu ildə 30 min hektar olub, cari ildə isə 45 min hektar nəzərə alınmaqla müqavilə imzalanıb.
Fermerlərin fikrincə, pambığın bir kiloqramının qiymətinin 55-60 qəpiyədək bahalaşması bu sahəyə marağın daha da artmasına səbəb olub.
Dünya bazarında cari qiymət səviyyəsinin saxlanacağı halda Azərbaycanda pambığın qiymətinin artacağı ehtimalı qalır. Ötən ilin iyunundan dünya bazarında pambığın qiyməti 180 faiz artıb. Pambığın bir kiloqramının cari qiyməti 4,3 dollar təşkil edir.