Azərbaycan, Bakı, 17 may / Trend/
Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanın lizinq şirkəti "Unileasing"in portfeli 32 292 434 manat təşkil edib. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Birinci rüb ərzində maliyyələşdirilən lizinq obyektlərinin ümumi məbləği 4,1 milyon manatı ötüb.
Təkcə ilin əvvəlində ölkə iqtisadiyyatına 4 milyon manatdan artıq sərmayə qoyulub ki, bu da "Unileasing"in yerli bazarda liderliyinin əsas şərtidir.
Məlumatda deyildiyi kimi, şirkətin bütün göstəriciləri nüfuzlu auditor şirkətlərinin (Pricewaterhouse Coopers və Deloitte & Touche) hesabatları, kredit xətləri isə EBRD, M&T Bank, Eximbank USA və digər maliyyə institutları tərəfindən təsdiqlənib ki, bu da şirkətə layihələri rəqiblərindən daha sərfəli şərtlərlə maliyyələşdirməyə imkan verir.
Hazırda şirkət minik maşınlarının, yük avtomobillərinin, tikinti texnikasının, sənaye və tibb avadanlıqlarının, mənzil və kommersiya daşınmaz əmlakının alınması üzrə xidmətlər göstərir.
"UniLeasing" lizinq şirkətinin təsis olumasına dair qərar 2004-cü il fevralın 24-də "Unibank" kommersiya bankının Müşahidə Şurasının növbəti iclasında qəbul edilib. 2004-cü il iyunun 17-də "UniLeasing" Lizinq Şirkəti QSC rəsmən qeydiyyata alınıb.
"UniLeasing" QSC-in təsisçiləri "Unibank" (66,67 faiz) və AYİB-dir (3,33 faiz). Şirkətin nizamnamə fondu 1,8 milyon manat təşkil edir.