Azərbaycan, Bakı, 3 iyun /Trend/
Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 7-8 iyul 2011-ci il tarixində Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə assosiasiyanın cümə günü yaydığı məlumatda deyilir.
"Azərbaycanın sığorta bazarının inkişaf perspektivləri" mövzusunda keçiriləcək forumun məqsədi ölkəmizin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir. İkinci dəfə keçiriləcək beynəlxalq tədbirdə dünya sığorta birliklərinin iştirakçılarının birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıların iş görüşmələri və tərəfdaş münasibətlərinin genişləndirilməsi də planlaşdırılır.
Bakı Biznes Mərkəzində iki gün davam edəcək II Azərbaycan Beynəlxalq Sığorta Forumunun əsas mövzuları bunlardır: "İcbari sığorta", "Həyat sığortası" və "Banklar və onların sığorta bazarı ilə münasibətləri".
Forumun işində Azərbaycan sığorta şirkətlərinin rəhbərləri ilə yanaşı, aparıcı beynəlxalq sığorta və təkrar sığorta şirkətlərinin rəhbərlərinin iştirakı da nəzərdə tutulur.
Forum zamanı aparılan müzakirələrdə dinamik və şaxələnən iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycanda əhalinin əmlakının artması, ölkənin maddi-texniki potensialının möhkəmlənməsi fonunda sığorta bazarının inkişafı üçün yaradılan əlverişli şərait də diqqət mərkəzində olacaq. Foruma "AzRE" Təkrarsığorta Şirkəti və Beynəlxalq Sığorta Şirkəti baş sponsorluq, eləcə də "Qarant Sığorta" , "Atəşgah Sığorta" , "AXA MBASK", "Standard Insurance", "Azal Sığorta", "A Group Insurance Company", "Azərsığorta", "Başak İnam Sığorta" və "Azərbaycan Sənaye Sığorta" şirkətləri sponsorluq edirlər. "UNITRE", "Nexum Technologies" şirkətləri forumun xarici tərəfdaşlarıdır. "Synergy Partnership", "Media XPrimm", Rumıniyanın PR şirkəti, www.abc.az və www.gun.az portalları foruma informasiya dəstəyi, "RAN Tour" turizm şirkəti isə təşkilati dəstək verir.
Hazırda Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.
Forumla əlaqədar daha ətraflı məlumatı www.aiif.az internet saytından əldə etmək olar.