Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.İsmayılov/
London taksilərinin aparıcı istehsalçısı olan "Marganese Bronze Holdings PLC" şirkəti ilə bağlanmış müqavilə çərçivəsində Azərbaycana bənövşəyi rəngli 100 ədəd London Taxi TX4 avtomobili gətirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nəqliyyat Nazirliyindən bildirilib.
Mənbənin sözlərinə görə, taksilərin ilk partiyası Bakıya bazar ertəsi gətirilib və bu gün onların təqdimatı keçiriləcək.
"Bu gün Bakıya 100 ədəd avtomobildən ibarət ilk partiya gətirilib. İstehsalçı ilə müqavilə 1000 ədəd avtomobilin satışı üzrə imzalanıb, yerdə qalan 900 avtomobil ilin sonunadək çatdırılacaq", - mənbə deyib.
Bir müddət əvvəl Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.
"Manganese Bronze Hildings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.
Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirilmişdi ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.
Bakı şəhərinin taksiləri üçün bənövşəyi rəngdə avtomobillər seçilib.
Bakının və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.