...

Dünya böhranı CAREC proqramının həyata keçirilməsinin gedişini zəiflətməyib - proqramın Azərbaycandakı əlaqələndiricisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2011 17:39 (UTC +04:00)
CAREC proqramı çərçivəsində fəaliyyətə başlanandan ticarət, nəqliyyat və energetika kimi prioritet sahələrə 15 milyard dollar investisiya yatırılıb.
Dünya böhranı CAREC proqramının həyata keçirilməsinin gedişini zəiflətməyib - proqramın Azərbaycandakı əlaqələndiricisi

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir N.İsmayılova/

CAREC proqramı çərçivəsində fəaliyyətə başlanandan ticarət, nəqliyyat və energetika kimi prioritet sahələrə 15 milyard dollar investisiya yatırılıb. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv ölkələrin Bakıda keçirilən yüksək səviyyəli iclasında İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri, proqramın ölkə üzrə milli əlaqələndiricisi Samir Vəliyev deyib.

"Dünya maliyyə böhranı dövründə CAREC proqramının bir sıra çətinliklərlə üzləşməsinə baxmayaraq, ümumilikdə böhran proqramın həyata keçirilmsəinin gedişini zəiflətməyib", - Vəliyev bildirib.

Onun sözlərinə görə, proqram həyata keçirilən zaman əldə olunan uğurlar və təcrübə proqramın fəaliyyətinin sonrakı onillik mərhələsi çərçivəsində yaxşı əsas olacaq, eləcə də region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün faydalı olacaq.

İclas çərçivəsində CAREC proqramının onilliyi ilə əlaqədar tədbirlər planı, eləcə də 2011-ci il üçün iş planı və CAREC-2020 strategiyası müzakirə edilib.

"Proqramın onilliyi ilə əlaqədar Bakıda bir sıra tədbirlərin təşkili planlaşdırılır. O cümlədən noyabrda nazirlərin görüşünün keçiirlməsi gözlənilir", - Vəliyev əlavə edib.

Onun sözlərinə görə, CAREC-2020 strategiyası çərçivəsində üç əsas - ticarət, energetika və nəqliyyat istiqamətlərində inteqrasiyanın dərinləşdirilməsi üzrə layihələr həyata keçiriləcək, eləcə də ekologiya sahəsinə dəstək göstəriləcək.

İclasda deyildiyinə görə, iyunun 9-da Bakıda "Sərhəd xidməti sahəsində regional təkmilləşdirmə" layihəsi çərçivəsində iclas keçiriləcək.

1997-ci ildə yaradılan CAREC proqramı - səkkiz iştirakçı ölkə (Əfqanıstan, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AİB, AYİB, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlığından ibarətdir.

Asiya İnkişaf Bankı 2001-ci ildən CAREC-in Katibliyidir.

Xəbər lenti

Xəbər lenti