...

"Anglo Asian Mining Plc" hələlik yeni yataqdan qızılın üçdə birini Azərbaycana verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2011 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda qızıl istehsalçısı olan "Anglo Asian Mining Plc" şirkəti "Qoşa" yatağında inkişaf və istehsal üzrə proqram hazırlayır. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Şirkət 2011-ci ilin fevralında Azərbaycan hökumətinə 2010-cu ildə aparılan tədqiqatlar üzrə yataqda kəşfiyyat işlərinin aparılmasına dair bildiriş təqdim edib. Məhsulun pay bölgüsü haqqında sazişin (PSA) şərtlərinə görə, "Anglo Asian" hazırlanan proqramı Azərbaycan hökumətinə təqdim etməlidir", - məlumatda deyilir.

Məlumata görə, 2011-ci ilin oktyabrında proqramın hazırlanıb başa çatacağı gözlənilir. Şirkət bu qızıl mədənində istehsalı 2012-ci ilin ikinci yarısında inkişaf etdirməyi planlaşdırır.

Bir müddət əvvəl şirkətin baş direktoru Rza Vəziri Trendə bildirmişdi ki, gələn ilin sonunadək "Qoşa" yatağında 25-30 min unsiya qızıl hasiatı planlaşdırılır.

PSA-ya görə, "Anglo Asian" əməliyyat və maliyyə xərclərini çıxarmayınca, Azərbaycan hökuməti "Qoşa" yatağında hasil olunan istənilən həcmdə qızıldan 12,75 faiz əldə edəcək. Bundan sonra Azərbaycan hökuməti gəlirin 51 faizini əldə etmək hüququ qazanacaq. "Qoşa" yatağına çəkilən xərclər yalnız "Qoşa" müqavilə meydanından əldə olunan gəlirlər hesabına bərpa oluna bilər.

"Anglo Asian Mining Plc" 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanan PSA tipli (hasilatın pay bölgüsü) saziş əsasında Azərbaycanın cənub-qərbində yerləşən altı - "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarının işlənməsi hüququna malikdir. Müqaviləyə əsasən, yataqlarda 400 tona yaxın qızıl, 2500 ton gümüş və 1,5 milyon ton misin hasil edilməsi planlaşdırılır.

"Gədəbəy" yatağında ilk qızıl və gümüş 2009-cu ilin mayında hasil edilib.

Xəbər lenti

Xəbər lenti