Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan növbəti monirinqlər zamanı "Herba-Flora" firmasına məxsus istehsalat sahəsində "Fitonad" adlı qazsız suyun, düşes, tərxun, limon və qızılgül sərinləşdirici içkilərinin müvafiq resepturaları, üzüm və feyxoa sərinləşdirici içkilərinin isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyən olunub. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.
Eyni zamanda, müəssisədə qazsız suların istehsalı üçün müvafiq texnoloji təlimatın olmadığı və yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə sərinləşdirici içkilərin etiketlərində enerji və qida dəyərinə, konservant tərkibli olmasına dair məlumatların göstərilmədiyi müəyyən edilib.
Müəssisənin anbarında uyğunluq və gigiyenik sertifikatları, eləcə də müvafiq resepturası və texnoloji təlimatı olmadan istehsal edilmiş, saxlama müddəti ötmüş sərinləşdirici içki, habelə üzərində məhsulun saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş etiket aşkar edilib.
Müəssisədə aşkar olunan pozuntular əsasında 10 071,5 litr sərinləşdirici içki, 3850 litr vaxtı ötmüş içki, 73 282 üzərində məhsulun saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş etiket məhv edilib.
Qanun pozuntuları ilə əlaqədar sərinləşdirici içkilərin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə məcburi göstəriş verilib.