...

Azərbaycanda yeni Gömrük Məcəlləsi qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2011 13:17 (UTC +04:00)
Milli Məclis cümə günü üçüncü oxunuşda yeni Gömrük Məcəlləsini təsdiq edib.
Azərbaycanda yeni Gömrük Məcəlləsi qəbul edilib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Milli Məclis cümə günü üçüncü oxunuşda yeni Gömrük Məcəlləsini təsdiq edib.

Bir həftə əvvəl Parlamentin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələri Gömrük Məcəlləsinin layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə verməyi tövsiyə ediblər.

Bundan əvvəl parlamentin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynovun sözlərinə görə, müasir texnologiyaların tətbiqini nəzərdə tutan yeni Gömrük Məcəlləsinin qəbulu şəffaflığın artırılmasında və korrupsiya ilə mübarizədə ən vacib elementlərdən biridir.

Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəhbəri Sənan Muxtarov layihəni təqdim edərək bildirib ki, ikinci oxunuşdan sonra məcəlləyə edilən dəyişikliklər əsasən texniki xarakter daşıyıb və o "Normativ-hüquqi aktlar haqqında" qanuna uyğunlaşdırılıb.

"Dəyişikliklər çərçivəsində gömrük orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və hərəkətsizliyinə görə şikayətlərə baxılma müddəti 25 gündən 15 günədək azaldılıb, lakin bu müddət şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən əlavə sənəd və materiallar tələb olunsa, daha 15 gün uzadıla bilər", - Muxtarov qeyd edib.

"Məcəllə layihəsinin yeni redaksiyasına əsasən, gömrük qanunvericiliyinin tələblərini pozan şəxslər gömrük orqanlarının məlumatlandırılmasına qədər 3 illik müddəti əhatə edən aşkarlanmış pozuntuların əməliyyatları üzrə mühasibat sənədlərini təqdim etməlidirlər. Əvvəllər sənədlər 5 illik müdəti əhatə edirdi", - Muxtarov qeyd edib.

DGK-nın hüquqşünası bildirib ki, bununla yanaşı, icbari gömrük rüsumlarının tutulması müddəti 5 ildən 3 ilədək azaldılıb.

Ekspertlərin təklifləri və dünya təcrübəsi nəzərə alınmaqla, məcəlləyə yeni 325-ci maddə daxil edilib. Yeni maddə bəyannamə təqdim edən şəxsin və mala, nəqliyyat vasitələrinə görə məsul olan digər şəxslərin, eləcə də onların nümayəndələrinin gömrük ekspertizası zamanı hüququnu göstərir.

Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib.

Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, dövlət büdcəsinin gəlirlərinin artırılması, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin sürətlənməsi, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsi, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, gömrük tarif siyasətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılması, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılması, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşması və ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti