...

Azərbaycanda ISSA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2011 12:49 (UTC +04:00)

Şəkillər əlavə olunub (birinci xəbər 12:41-də yayılıb)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) binasında Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılışı olub.

Azərbaycanda mərkəzin açılması ilə bağlı razılıq cari ilin martında Cenevrədə ISSA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin iclasında əldə olunub.

Trend-in məlumatına görə, açılış mərasimində DSMF sədri Səlim Müslümovun dediyinə görə, bu mərkəzin əsas məqsədi ISSA və Avrasiyada fəaliyyət göstərən pensiya, sosial müdafiə təşkilatları arasında münasibətlərin səviyyəsinin artırılmasıdır.

"Bundan başqa, ISSA-ya daxil olan təşkilatlara tövsiyələr veriləcək, ekspert dəstəyi göstəriləcək, eləcə də onların milli pensiya sığortasının, sosial siyasətinin təkmilləşdirilməsi məsələləri üzrə fikir və təcrübə mübadiləsi aparılacaq. Bu sahədə texnologiyalardan istifadə, səmərəli idarəetmə də nəzərdə tutulur", - Müslümov bildirib.

ISSA baş katibi Hans-Horst Konkolevskinin sözlərinə görə, bu mərkəzin yaradılması sosial priblemlərin, region ölkələrində pensiya-sığorta sistemləri məsələlərinin effektiv həlli üçün böyük əhəmiyyətə malikdir.

"İSSA öz biliklərindən və təcrübəsindən bu mərkəzin səmərli fəaliyyəti üçün istifadə edəcək", - Konkolevski vurğulayıb.

Çərşənbə axşamı Bakıda İSSA və DSMF arasında əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.

DSMF İSSA və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının təşkilati dəstəyi ilə "Əməkçi miqrantların sosial müdafiəsi və qloballaşma" mövzusunda ikigünlük beynəlxalq texniki seminar da keçirəcək.

Xəbər lenti

Xəbər lenti