Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir A.Axundov/
Azərbaycanın sığorta bazarı 2011-ci ildə 10-12 faiz artacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı maliyyə naziri Samir Şərifov bildirib.
"Sığorta bazarının 30 faizlik artım proqnozu [bazar iştirakçılarının fikrincə] çox nikbindir, lakin biz onun 10-12 faiz artacağını proqnozlaşdırırıq", - nazir deyib.
Onun sözlərinə görə, indi Azərbaycanda ciddi qanunvericilik bazası yaradılıb ki, bu da sığorta şirkətlərinə yığımları artırmağa imkan verir.
"Məqsədimiz sığortaçıların yığımlarının artırılması deyil, biz bu bazarın tənzimləyicisi kimi çalışırıq ki, əhali arasında sığorta şirkətlərinin təqdim etdikləri xidmətlərə tələb olsun", - Şərifov bildirib.
Nazirin sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, insanlar müəyyən risklərdən sığortalanmaq üçün sığorta şirkətlərinə müraciət etməli olduqlarını anlamalıdırlar.
Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.
İyulun 7-nə olan rəsmi məzənnə 0,7870 AZN/USD təşkil edir.