...

Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin Əfqanıstandan çıxarılması üzrə işlər nəticə əldə olunanadək davam etdiriləcək - komissiyanın üzvü

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 14:04 (UTC +04:00)
Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İl-76 təyyarəsinin Əfqanıstandakı qəzaya uğradığı yerə çatmaq və hava gəmisinin ekipaj üzvlərinin meyitlərinin çıxarılması üzrə danışıqlar konkret nəticə əldə olunanadək davam etdiriləcək.
Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin Əfqanıstandan çıxarılması üzrə işlər nəticə əldə olunanadək davam etdiriləcək - komissiyanın üzvü

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Əliyev/

Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İl-76 təyyarəsinin Əfqanıstandakı qəzaya uğradığı yerə çatmaq və hava gəmisinin ekipaj üzvlərinin meyitlərinin çıxarılması üzrə danışıqlar konkret nəticə əldə olunanadək davam etdiriləcək. Bu barədə bazar ertəsi Trend-ə hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının üzvü, "Silk Way" aviaşirkəti direktorunu müşaviri Adil Qasımov bildirib.

Onun sözlərinə görə, aviaşirkətə məxsus ikinci İl-76 təyyarəsi həlak olanların meyitlərini Azərbaycana gətirmək üçün Əfqanıstandadır.

İyulun 7-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Azərbaycan artıq Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə iki nota təqdim edib.

Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər.

"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov mətbuat konfransında deyib.

Xəbər lenti

Xəbər lenti