...

Azərbaycanda rəqabətqabiliyyətli məhsul istehsalçılarının kataloqu hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2011 14:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi məqsədilə iyulun 19-da İqtisadi İnkişaf Nazirliyi istehsalçılarla görüş təşkil edib.
Azərbaycanda rəqabətqabiliyyətli məhsul istehsalçılarının kataloqu hazırlanacaq

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi məqsədilə iyulun 19-da İqtisadi İnkişaf Nazirliyi istehsalçılarla görüş təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirlikdən bildirilib.

Görüşdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və rəqabətqabilliyyətli sənaye məhsulu istehsal edən 100-dən artıq müəssisənin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının həcmi artıb.

Nazir buna sübut kimi ilin birinci yarısının bir sıra göstəricilərini sadalayıb. Hesabat dövrü ərzində ÜDM 0,9 faiz, qeyri-neft sektoru 7,2 faiz, kənd təsərrüfatı 6,2 faiz, rabitə və informasiya 14,4 faiz artıb.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi 17,43 milyard dollar, o cümlədən idxalın həcmi 4,34 milyard dollar, ixracın həcmi isə 13,09 milyard dollar təşkil edib. Bu dövrdə qeyri-neft ixracı 43 faiz artıb.

Bu gün Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları - elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, qida məhsulları, o cümlədən meyvə-tərəvəz, pambıq, şəkər və ondan hazırlanan məmulatlar, hazır toxuculuq məmulatları və s. müxtəlif ölkələrə ixrac edilir.

"Azərbaycanda istehsal olunan məhsul və avadanlıqların ixrac edilməsi onu deməyə əsas verir ki, ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır", - nazir bildirib.

Mustafayevin sözlərinə görə, bu məhsul və avadanlıqlardan Azərbaycanda həyata keçirilən investisiya layihələrində geniş istifadə edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. Bununla əlaqədar, istehsalçı müəssisələr və potensial alıcılar arasında görüşün keçirilməsi də nəzərdə tutulur.

Mustafayev onu da bildirib ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr haqqında yeni kataloq hazırlanacaq. Bu məqsədlə müəssisələr istehsal etdikləri məhsul və avadanlıqlar, onların istehsal həcmi, məhsulların texniki göstəriciləri haqqında məlumatları İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidirlər.

Bundan başqa, tədbirdə istehsal müəssisələrinin əlaqələrinin daha da genişləndirilməsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti