Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/
Dünya Bankı (DB) "Kristal İnşaat" şirkətini Azərbaycanda məcburi köçkünlərin iqtisadi inkişafı layihəsinin əlavə maliyyələşdirilməsi çərçivəsində keçirilən tenderin qalibi elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.
"Tenderin predmeti Bərdə rayonunun Çəmənli kəndindəki məcburi köçkünlər üçün su təchizatı sisteminin tikintisidir", - məlumatda deyilir.
Müqavilənin icra müddəti üç aydır. Tender təklifinin dəyəri 113,7 min manat təşkil edir. Tender çərçivəsində cəmi beş təklif qəbul olunub.
Layihənin başa çatdırılması üçün əlavə maliyyələşdirmə 24,19 milyon dollar təşkil edir ki, buradan 9,6 milyon SDR (təxminən 15 milyon dollar) DB-nin, 8,69 milyon dollar (ƏDV nəzərə alınmaqla 3,69 milyon dollar) ölkə hökumətinin payına düşür. Layihənin reallaşdırılmasının yekunları üzrə 108 min məcburi köçkün mənfəət əldə edəcək.
Əvvəlcə DB layihəyə ümumi dəyəri 12,6 milyon dollar olmaqla 11,5 milyon dollar ayırmışdı. Lakin layihə üzrə vəsait bir il əvvəl mənimsənilib və inflyasiya səbəbindən nəzərdə tutulan 200 infrastruktur mikrolayihədən 50-si yerinə yetirilməyib. Bu səbəbdən əlavə vəsait tələb olunub.