Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir N.İsmayılova/
2011-ci ilin yekunlarına dair proqnozlara görə, Azərbaycan ÜDM-ində qiymətli kağızlarla əməliyyatların xüsusi çəkisi 21 faiz səviyyəsinə çatacaq. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İdarə Heyəti sədrinin müavini İlqar Muradov "Kapital bazarı və biznes imkanları" məqalələr toplusunun təqdimatında deyib.
"Cari ilin səkkiz ayı ərzində dövlət qiymətli kağızlar bazarı korporativ qiymətli kağızlar bazarına nisbətən daha yüksək artım nümayiş etdirib. Ölkədə dövlət qiymətli kağzıları bazarı beş dəfədən çox artaraq 4,9 milyard manat təşkil edib", - Muradov deyib.
Onun sözlərinə görə, cari ilin səkkiz ayı ərzində dövlət istiqrazlarının ilkin və təkrar bazarının həcmi 4,9 faiz, əməliyyatların sayı isə 45,5 faiz artıb.
"Korporativ qiymətli kağızlar bazarı 2,4 dəfə artaraq 805 milyon manat olub",- o deyib.
Onun sözlərinə görə, korporativ istiqrazların ilkin və təkrar bazarı 3,8 faiz artaraq 694 milyon manat, səhm bazarı isə 112 milyon manat təşkil edib.
Sentyabrın 14-nə rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.