...

Azərbaycan bankı "Unibank" istehlak kreditlərinin gündəlik həcmini 1 milyon dollaradək artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 14:22 (UTC +04:00)
Son bir ildə "Unibank" ASC-də istehlak kreditləşməsinin həcmi 20 faizdən çox artaraq cari ayın əvvəlinə 168,3 milyon manat təşkil edib. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "Unibank" istehlak kreditlərinin gündəlik həcmini 1 milyon dollaradək artırıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Son bir ildə "Unibank" ASC-də istehlak kreditləşməsinin həcmi 20 faizdən çox artaraq cari ayın əvvəlinə 168,3 milyon manat təşkil edib. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Nəticədə, Bank tərəfindən yeni verilən istehlak kreditlərinin sayı 25 mini keçib, borcalanların sayı isə ilk dəfə 24 min nəfərə çatıb. Hər iki göstərici ötən ilin sentyabrından 83 faiz və 84 faiz artıb, "Unibank"ın kredit portfelində istehlak kreditləşməsinin payı isə cari ayın əvvəlinə isə 60 faiz təşkil edib. "AL Kredit" məhsulu çərçivəsində nağd vəsaitlərlə kreditləşmənin dinamikası xüsusilə diqqəti cəlb edir. Belə ki, bu növ kreditlərin həcmi son il ərzində 38 dəfə artıb. Əhalinin aktiv tələbatı sayəsində fiziki şəxslərə Bank tərəfindən hər gün istehlak krediti şəklində 1 milyon dollara yaxın vəsait ayrılır", - məlumatda deyilir.

"Nağd istehlak kreditləri Azərbaycanda bank kreditləşməsinin ən fəal inkişaf edən istiqamətlərindən biridir. Bu cür kreditlər müştərilər tərəfindən gündəlik məsələlərin vaxtlı-vaxtında həlli, o cümlədən uzunmüddətli istehlak mallarının alınması üçün istifadə olunur. Buna görə də, borcalan tərəfindən Bankın seçimində pulun daha tez əldə edilməsi əsas şərtləndirən meyara çevrilib", - "Unibank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Faiq Zeynalov bildirib.

Onun sözlərinə görə, nağd kredit alınması üçün müştərinin ərizəsi barədə Bank bir və ya maksimum iki gün ərzində qərar qəbul edir. Kredit prosedurlarının təkmilləşdirilməsi və yeni texniki qərarlar sayəsində istehlak kreditləri üzrə qərar qəbul olunmasının sürəti "Unibank"ın ən vacib üstünlüklərindən birinə çevrilir.

Standart təklif çərçivəsində kreditin maksimal məbləği bu gün 4 min manat təşkil edir. Nağd şəkildə kreditlər Bank tərəfindən 12 ay müddətinə verilir. Nağd kreditlər üzrə effektiv faiz dərəcəsi illik 15,5 faizdən başlanır. Kreditin məbləği 1500 manatdan artıq deyilsə, bu zaman Bakı və Sumqayıt şəhərindən olan müştərilər üçün zamin tələb olunmur. Digər regionlarda müştərilər zaminsiz nağd krediti 1000 AZN məbləğində əldə edə bilərlər. "Unibank"ın istehlak kreditləri üzrə güzəştli faiz dərəcələri seçilən və ayrı-ayrı müştəri kateqoriyaları üçün nəzərdə tutulan xüsusi təkliflər də vardır. Bankın loyallıq proqramlarından xüsusilə əmək haqqı və digər layihələri çərçivəsində xidmət göstərilən müştəriləri faydalana bilərlər.

"Unibank" həm aktivlərinin, həm də öz vəsaitlərinin həcminə görə ölkənin ən iri özəl banklarından biridir. Sentyabr ayının 1-nə olan məlumata görə, Bankın aktivləri 390 milyon manat, məcmu kapital isə 66,5 milyon AZN-dən bir qədər artıq olub. Bankın məcmu kredit portfeli isə həmin tarixə olan məlumata görə 284,5 milyon manat olub. 24 filial və xidmət bölmələri vasitəsilə "Unibank" bu gün Bakı, Sumqayıt şəhərlərində və ölkənin yeddi vacib regionunda 160 min müştəriyə xidmət göstərir.

Sentyabrın 20-nə rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti