...

"NBC Bank" Şəkidə filial açdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycan bankı "NBC Bank" regionlarda öz fəaliyyətini genişləndirməkdə davam edir. Sentyabrın 23-də bankın Azərbaycanın cənub bölgəsində - Lənkəranda filialı fəaliyyətə başlayıb. Ötən şənbə isə qədim Şəkidə "NBC Bank" yeni filialının açılışını qeyd edib.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə bank rəhbərliyi ilə yanaşı yerli icra orqanının rəhbər işçiləri də iştirak edib. "Nurgün" Şirkətlər Qrupunun vitse-prezidenti Müşfiq Səfiyev və "NBC Bank"ın İdarə Heyətinin sədri Fuad Qənbərov çıxış edərək, 1992-ci ildən fəaliyyət göstərən bankın əhatə dairəsinin getdikcə genişləndiyini, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində də filiallarının açıldığını bildiriblər. Regionların sosial-iqtisadi inkişaf proqramına öz töhfəsini verən "Nurgün" Şirkətlər Qrupu Azərbaycanın digər bölgələrində də "NBC Bank"ın filiallarını açmaqda davam edəcək.

Açılış günündə bankın ilk əməliyyatları həyata keçirilib.

"NBC Bank"ın Şəki filialının fəaliyyətində kiçik və orta biznesin maliyyə baxımından dəstəklənməsi prioritet olacaq. Bundan əlavə, burada həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulan müxtəlif növ bank əməliyyatları, o cümlədən hesabların açılması, depozit, qarantiya və akkreditivlər, istehlak kreditləri (plastik kartla kredit, məişət avadanlığı alınmasına yönəlmiş kreditlər, təmir kreditləri, mobil telefon krediti), biznes və avtomobil kreditləri, plastik kartlarla əməliyyatlar, mobil rabitə operatorları üzrə ödənişlər, kommunal xidmət ödənişləri, valyuta mübadiləsi və s. həyata keçiriləcək.

Filial şəhərin M.Ə.Rəsulzadə prospekti, bina 180 ünvanında yerləşir.

"NBC Bank" ASC 17 dekabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın Baş ofisindən əlavə, xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə və Lənkəran filialları olmaqla 8 filial, həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir.

"NBC Bank" ASC-nin Bakı şəhərində 5, Sumqayıt şəhərində isə 1 bankomatı, 8-i filiallarda, qalanları isə digər ünvanlarda fəaliyyət göstərməklə 46 POS-terminalı var.

Bankın bütün filiallarında həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulan müxtəlif növ bank əməliyyatları mövcuddur: hesabın açılması, depozit, qarantiya və akkreditivlər, istehlak kreditləri (plastik kartla kredit, məişət avadanlığının alınmasına yönəlmiş kreditlər, təmir kreditləri, mobil telefon krediti), biznes və avtomobil kreditləri, plastik kartlarla əməliyyatlar, Azercell, Bakcell və Nar Mobile mobil operatorları üzrə ödənişlər, kommunal xidmət ödənişləri, valyuta mübadiləsi və s.

Xəbər lenti

Xəbər lenti