Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda fəaliyyət göstərən "AtaHolding" şirkətlər qrupu "AtaTravel" MMC turizm şirkətini açıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ölkənin Vergilər Nazirliyinin rəsmi saytındakı "bir pəncərə" bölməsində deyilir.
MMC sentyabr ayında vergi orqanlarında dövlət qeydiyyatından keçib. Şirkətin qanuni nümayəndəsi fiziki şəxs Oqtay Ağayevdir.
Bundan əvvəl holdinqin Müşahidə Şurasının rəhbəri Əhməd Erentok Trend-ə bildirmişdi ki, holdinqin tərkibində 31 şirkət fəaliyyət göstərir, onlardan 20-yə yaxını isə aktiv fəaliyyət göstərir.
2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. Holdinqin nizamnamə kapitalı 83,9 milyon manat təşkil edir, əsasən maliyyə, informasiya texnologiyaları, sənaye və turizm sahələrinin inkişafına yönəlib.
Oktyabrın 5-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.