...

Azərbaycanda elektrik naqillərinin satışı zamanı istehlakçıların aldadılması faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2011 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsi, 5 ünvanında "Birlik" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan 1167 ədəd elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halına yol verildiyi müəyyən olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda deyilir.

Belə ki, qablaşdırılmış həmin elektrik naqillərinin hər birinin üzərində naqillərin uzunluğunun 100 metr olması göstərildiyi halda, "Ünal kablo", "Simtel kablo", "Aytel kablo", "Tümka" adlı naqillərin faktiki uzunluğunun 80-90 metr olduğu aşkar edilib.

Yoxlama zamanı, həmçinin, həmin naqillərin etiketlərinin üzərində istehsalçı müəssisə barədə məlumatın qeyd edilmədiyi müəyyən olunub.

Yol verilmiş qanun pozuntuları ilə əlaqədar polietilen qablaşdırmada olan 1167 ədəd elektrik naqillərinin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür malların geri yığılması barədə "Birlik" MMC-yə icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti